Hamı şəhərə köçür: əhalisi artan və azalan rayonlar – SİYAHI
Sosial
Azərbaycanda son on ildə əhalinin məskunlaşma xəritəsi nəzərəçarpacaq dərəcədə dəyişib.
News24.az xəbər verir ki, 2015–2025-ci illəri əhatə edən rəsmi statistik göstəricilər göstərir ki, əhali artımı əsasən Bakı və Abşeron iqtisadi rayonunda cəmləşib. Bir sıra rayon və şəhərlərdə əhali sürətlə artdığı halda, bəzi bölgələrdə isə azalma qeydə alınıb.
Hazırda ölkənin ən böyük yaşayış məntəqəsi 2 milyon 351 min nəfərlə Bakı şəhəridir. Onu 470,9 min nəfərlə Naxçıvan Muxtar Respublikası, 434 min nəfərlə Abşeron rayonu və 427,6 min nəfərlə Sumqayıt şəhəri izləyir.
Son on ilin ən diqqətçəkən göstəricisi Abşeron rayonuna məxsusdur. Rayonun əhalisi 114 faiz artaraq ölkə üzrə ən yüksək göstəricini nümayiş etdirib. Bu artımın əsas səbəbləri Bakının genişlənməsi, yeni yaşayış komplekslərinin tikilməsi, nəqliyyat imkanlarının yaxşılaşması və paytaxtda mənzil qiymətlərinin yüksək olması fonunda insanların Abşerona köçməsidir.
Əhali artımına görə növbəti yerlərdə Sabunçu (+40,1%), Xəzər (+28,6%) və Binəqədi (+19,7%) rayonları qərarlaşıb. Hər üç rayon son illərdə yeni yaşayış massivləri, metro və yol infrastrukturu, həmçinin fərdi ev tikintisinin genişlənməsi hesabına sürətlə böyüyüb.
28,4 faiz artımla Sumqayıt şəhəri də ən sürətlə böyüyən yaşayış məntəqələrindən biridir. Paytaxta yaxınlığı, sənaye müəssisələrinin fəaliyyəti və yeni yaşayış kompleksləri şəhərin əhali artımını sürətləndirən əsas amillər sırasındadır.
İlk onluğa daxil olan Biləsuvar, Qusar, Yardımlı və Saatlı rayonlarında artım 9–10 faiz arasında dəyişir. Bu rayonlarda artım əsasən təbii artım hesabına baş verib və Bakı-Abşeron zonası ilə müqayisədə xeyli aşağıdır.
Digər tərəfdən, ən böyük azalma Xankəndi şəhərində (-92,1%), Xocavənd (-71,1%), Xocalı (-43,3%), Şuşa (-21,5%), Kəlbəcər (-18%) və Ağdam (-8,3%) rayonlarında qeydə alınıb. Bu göstəricilər əsasən son on ildə regionda baş verən hərbi-siyasi proseslər, inzibati dəyişikliklər və əhalinin yenidən yerləşdirilməsi ilə əlaqədardır. Buna görə də bu rəqəmləri digər rayonlarla eyni səbəblərlə müqayisə etmək düzgün olmaz.
Paytaxtın mərkəzi rayonlarından olan Yasamalda əhalinin 20,3 faiz azalması diqqət çəkir. Bu tendensiya köhnə yaşayış fondunun sökülməsi, genişmiqyaslı yenidənqurma layihələri və sakinlərin Bakının kənar ərazilərinə, xüsusilə Abşeron və yeni yaşayış massivlərinə köçməsi ilə izah oluna bilər.
Naftalan şəhərində 11,3, Pirallahı rayonunda isə 5,5 faiz azalma qeydə alınıb. Hər iki ərazidə əhali artım tempinin zəif olması və miqrasiya prosesləri statistikaya təsir göstərib.
Statistika göstərir ki, son on ildə əhali artımı əsasən Bakı və Abşeron yarımadasında cəmləşib. İnsanlar daha çox iş yerləri, ali təhsil imkanları, səhiyyə xidmətləri və inkişaf etmiş infrastruktur səbəbindən iri şəhərlərə köçürlər. Bunun nəticəsində paytaxt ətrafında yeni yaşayış massivləri sürətlə böyüyür, bir sıra regionlarda isə əhali artımı ya zəifləyir, ya da mənfi göstəriciyə çevrilir.
Mütəxəssislərin fikrincə, regionlarda məşğulluğun artırılması, yeni sənaye müəssisələrinin yaradılması və sosial infrastrukturun gücləndirilməsi kəndlərdən şəhərlərə köçün tempini azaltmaq üçün əsas istiqamətlərdən biridir.
Qeyd edək ki, 2025-ci ilin məlumatlarına görə, hazırda rayon və şəhərlərdə əhali sayı belədir:
№ Ərazi Əhali
1 Bakı şəhəri 2,351,300
2 Naxçıvan 470,900
3 Abşeron rayonu 434,000
4 Sumqayıt şəhəri 427,600
5 Sabunçu rayonu 331,300
6 Gəncə şəhəri 331,000
7 Binəqədi rayonu 308,600
8 Xətai rayonu 277,000
9 Lənkəran rayonu 228,100
10 Masallı rayonu 227,700
11 Nəsimi rayonu 219,500
12 Cəlilabad rayonu 219,200
13 Şəmkir rayonu 218,300
14 Suraxanı rayonu 208,900
15 Xəzər rayonu 206,200
16 Yasamal rayonu 194,200
17 Nizami rayonu 185,900
18 Şəki rayonu 184,800
19 Sabirabad rayonu 181,800
20 Nərimanov rayonu 181,200
21 Tovuz rayonu 177,900
22 Ağdam rayonu 175,700
23 Xaçmaz rayonu 175,400
24 Quba rayonu 171,300
25 Bərdə rayonu 157,800
26 Salyan rayonu 140,300
27 Ağcabədi rayonu 136,800
28 İmişli rayonu 132,400
29 Füzuli rayonu 131,500
30 Zaqatala rayonu 130,600
31 Yevlax rayonu 130,000
32 Kürdəmir rayonu 119,200
33 Göyçay rayonu 119,100
34 Qaradağ rayonu 117,700
35 Şərur rayonu 113,600
36 Astara rayonu 112,800
37 Saatlı rayonu 111,200
38 Qəbələ rayonu 109,600
39 Ağdaş rayonu 107,600
40 Biləsuvar rayonu 107,400
41 Şamaxı rayonu 106,500
42 Mingəçevir şəhəri 103,100
43 Qusar rayonu 102,800
44 Goranboy rayonu 102,300
45 Beyləqan rayonu 102,100
46 Səbail rayonu 102,000
47 Gədəbəy rayonu 101,200
48 Balakən rayonu 101,000
49 Naxçıvan şəhəri 97,900
50 Qazax rayonu 96,500
51 Neftçala rayonu 87,600
52 İsmayıllı rayonu 87,500
53 Lerik rayonu 86,800
54 Ağstafa rayonu 86,700
55 Şirvan şəhəri 85,800
56 Ucar rayonu 85,500
57 Ağsu rayonu 81,000
58 Babək rayonu 78,100
59 Hacıqabul rayonu 76,400
60 Laçın rayonu 76,100
61 Tərtər rayonu 76,000
62 Cəbrayıl rayonu 73,500
63 Kəlbəcər rayonu 72,400
64 Yardımlı rayonu 69,200
65 Göygöl rayonu 65,100
66 Zərdab rayonu 59,700
67 Samux rayonu 58,800
68 Şabran rayonu 58,800
69 Qax rayonu 58,300
70 Ordubad rayonu 50,800
71 Culfa rayonu 48,200
72 Qobustan rayonu 47,500
73 Oğuz rayonu 44,700
74 Zəngilan rayonu 42,900
75 Siyəzən rayonu 42,000
76 Qubadlı rayonu 37,300
77 Kəngərli rayonu 33,800
78 Daşkəsən rayonu 33,400
79 Şahbuz rayonu 25,300
80 Şuşa rayonu 25,200
81 Sədərək rayonu 23,200
82 Pirallahı rayonu 18,800
83 Xızı rayonu 16,800
84 Xocalı rayonu 15,600
85 Xocavənd rayonu 12,400
86 Naftalan şəhəri 8,600
87 Xankəndi şəhəri 4,400 ("AzPolitika")