Hava niyə “üsyan edir”? - Narıncı, sarı xəbərdarlıqların səbəbi bu imiş

Hava niyə “üsyan edir”?  - Narıncı, sarı xəbərdarlıqların səbəbi bu imiş Sosial

Bakıda son iki gündür güclü külək müşahidə olunur.

Yay ayları olmasına baxmayaraq, Milli Hidrometeorologiya Xidməti az qala hər həftə küləklə bağlı sarı və narıncı xəbərdarlıq edir.

Bəs qızmar istidə sərt payız küləklərinin səbəbi nədir?

Dəniz və günəşdən zövq almalı dönəmdə hava niyə “üsyan” edir?

Məsələ ilə bağlı News24.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, son günlər müşahidə olunan küləkli hava şəraiti narahatlıq doğuracaq hal deyil və bu, təbii atmosfer proseslərinin nəticəsidir:

"Hazırda ölkə ərazisinə şimal-qərb istiqamətindən daxil olan hava kütlələri güclü küləklə yanaşı temperaturun da enməsinə səbəb olub. Azərbaycan subtropik iqlim qurşağında yerləşsə də, külək əsasən Bakı və Abşeron yarımadasında, eləcə də Böyük Qafqazın cənub-şərq yamaclarında daha çox hiss olunur. Ölkənin digər bölgələrində isə küləyin təsiri xeyli zəifdir".

Ekoloq qeyd edib ki, Bakı "küləklər şəhəri" kimi tanınır və burada ilin orta hesabla 220-260 günü külək müşahidə edilir. Bu səbəbdən hazırkı hava şəraiti qeyri-adi hesab olunmamalıdır.

"Bəzi illərdə yay ayları daha küləkli keçir. Hətta əvvəlki illərdə güclü küləklər səbəbindən çimərliklərdə fəaliyyət göstərən obyektlər zərərə düşüb və istirahət zonalarında normal fəaliyyət mümkün olmayıb. İqlim dəyişikliyi hava şəraitinə müəyyən təsir göstərsə də, Yer kürəsində milyon illərdir davam edən təbii geoloji və atmosfer prosesləri də bu dəyişikliklərin əsas səbəblərindən biridir. Planetdə tektonik hərəkətlər, iqlim dəyişiklikləri və hava kütlələrinin dövranı daim davam edir. Bu proseslər bəzən hiss olunur, bəzən isə gündəlik həyatımızda nəzərə çarpmır. Hazırda müşahidə etdiyimiz küləkli hava da həmin təbii proseslərin tərkib hissəsidir".

Ekoloqun sözlərinə görə, bu il yaz mövsümü nisbətən mülayim və yağıntılı keçib, iyun ayında da temperatur uzun müddət yüksək olmayıb.

"Bu amillər iyul ayının hava şəraitinə də təsir göstərib. Yaxın günlərdə də temperaturda dəyişkənlik davam edəcək. Bəzi günlər isti hava üstünlük təşkil etsə də, sərin hava kütlələrinin təsiri ilə temperaturun yenidən enməsi mümkündür".