Hava şəraiti ilə bağlı gözlənilməz proqnoz: Bu fəsil artır, Bakıda inanılmaz hadisə
Sosial
Son günlər Azərbaycanda havanın temperaturu mövsüm normasından yüksək olaraq qalır. Xüsusilə günorta saatlarında müşahidə olunan kəskin istilər əhalinin gündəlik həyatına təsir göstərir və insanların "hava nə vaxt sərinləyəcək" sualına daha çox cavab axtarırlar.
Bununla yanaşı, son illərdə dünyada müşahidə olunan qlobal iqlim dəyişiklikləri fəsillərin xarakterində də müəyyən dəyişikliklər yaradıb. Bir çox mütəxəssis yay mövsümünün əvvəlki illərlə müqayisədə daha uzun sürdüyünü, yüksək temperatur dalğalarının daha tez-tez baş verdiyini bildirir.
Bəs, proqnozlara görə temperatur nə zaman enəcək? Qlobal iqlim dəyişiklikləri yay fəslinin müddətinin uzanmasına və ya qısalmasına təsir göstərə bilərmi?
Məsələ ilə bağlı News24.az-a danışan ekoloq Məhərrəm Mehdiyev bildirib ki, hazırda atmosfer cərəyanlarının sürəti və istiqaməti tez-tez dəyişdiyindən dəqiq və uzunmüddətli proqnoz vermək çətindir:
"Azərbaycanın və ümumilikdə Cənubi Qafqazın iqliminə şimaldan gələn atmosfer axınları, Qara dəniz və Aralıq dənizindən daxil olan hava kütlələri, eləcə də bölgədə formalaşan siklonlar və Orta Asiyadan geri qayıdan hava prosesləri təsir göstərir. Məhz bu amillərin qarşılıqlı təsiri hava şəraitini formalaşdırır. Yay fəslinin müəyyən qədər uzanması mümkündür. Lakin söhbət bir və ya iki aylıq ciddi dəyişiklikdən getmir. Onun fikrincə, son onilliklərdə iqlimdə baş verən dəyişikliklər bunu artıq göstərir".
Ekoloq qeyd edib ki, əvvəllər məktəblərdə dərslər sentyabrın 1-də başlayırdı, sonradan isə bu tarix sentyabrın 15-nə keçirildi:
"Bunun əsas səbəblərindən biri sentyabrın əvvəlində havaların hələ də isti keçməsi və yay şəraitinin davam etməsi idi. Son illərdə müşahidə olunan El Nino hadisəsi də qlobal temperaturun artmasına təsir göstərib. Bu proses nəticəsində dünyanın müxtəlif bölgələrində, xüsusilə Fransa və İspaniyada rekord istilər qeydə alınıb və oxşar təsirlərin regionda da hiss olunacağı istisna edilmir. Hava şəraiti atmosfer proseslərindən asılı olaraq qəfil dəyişə bilər. Məsələn, Rusiyadan daxil olacaq soyuq hava kütlələri payız havasını daha tez gətirə bilər. Buna görə də hazırkı şəraitdə istilərin bir müddət davam edəcəyi ehtimal olunsa da, uzunmüddətli və qəti proqnoz vermək mümkün deyil".