Havalar erkən soyudu: Qış sərt keçəcək? - AÇIQLAMA
Sosial
Havaların avqustun sonlarından etibarən nəzərəçarpacaq dərəcədə soyuması, bəzi rayonlarda leysan yağışların səngiməməsi və az qala hər gün güclü küləyin olması diqqət çəkir. Qarşıdan payızın gəlməsi ilə havaların tədricən sərinləşməsi təbii proses olsa da, ötən ilin eyni dövrü ilə müqayisədə bu il hava şəraitində müəyyən fərqlər müşahidə olunur.
Maraqlıdır, havaların erkən soyuması qarşıdakı qışın sərt keçəcəyinə işarə ola bilərmi?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli bildirib ki, meteorologiyada həm qısamüddətli, həm də uzunmüddətli hava göstəricilərinə baxılır: “Bu baxımdan hazırkı vəziyyətdə narahatlığa əsas yoxdur.
2026-cı ilin yazından, hətta 2025-ci ilin sonlarından yağıntılarımız kifayət qədər bol olub. Buna sevinmişik. Avqustun sonu, sentyabrın əvvəlində havaların sərin keçməsi o demək deyil ki, sentyabrın ikinci yarısı və ya oktyabr ayı mütləq sərin olacaq.
Qarşıdakı dövrdə dəyişkən hava şəraiti, leysan və ayrı-ayrı ərazilərdə yağıntılar müşahidə oluna bilər. Yağıntılarla bağlı proqnozlar isə əvvəlcədən verilir ki, insanlar buna uyğun tədbirlər görə bilsinlər”.
Ekoloqun sözlərinə görə, lakin sentyabrın ikinci yarısında, hətta yaxın günlərdə yenidən isti hava müşahidə oluna bilər: “Sentyabrın ikinci yarısı və oktyabr ayı mülayim keçə bilər, noyabrda da havalar nisbətən isti keçə bilər. Azərbaycanda, Naxçıvanın bəzi yüksək ərazilərini nəzərə almasaq, ümumiyyətlə, çox şaxtalı qışlar nadir hallarda müşahidə olunur.
Bütün bunların iqlim dəyişikliyi ilə bağlı olub-olmamasına gəlincə, bəli, iqlim dəyişikliyinin təsiri var. Amma iqlim dəyişikliyi son bir neçə ildə ortaya çıxan proses deyil. İqlim milyonlarla, hətta milyardlarla il ərzində dəyişə-dəyişə gəlib. Biz isə bu dəyişiklikləri yalnız indi daha aydın şəkildə müşahidə və dərk edirik”.