"Heç kimin Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı yoxdur" - Deputatdan İranın təxribatlarına reaksiya

"Heç kimin Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı yoxdur" - Deputatdan İranın təxribatlarına reaksiya Sosial

Məlum olduğu kimi, Azərbaycanda məktəblərdə vahid məktəbli geyiminin tətbiqi ilə bağlı müzakirələr fonunda İranın bu mövzuya münasibəti, ölkəmizin daxili işlərinə müdaxilə cəhdləri və mümkün təxribatları da gündəmə gəlib.

News24.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə açıqlamasında bildirib ki, heç bir ölkənin Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı yoxdur:

“Nə dövlət formasında, nə də onun ayrı-ayrı dairələrinin Azərbaycana göstəriş verməsini qəbul etmirik. Biz müstəqil dövlətik və bütün məsələləri özümüz milli maraqlarımıza, xalqın istəyinə və inkişaf istiqamətimizə uyğun olaraq qəbul edirik.

Vahid məktəbli forması məsələsi çoxdan müzakirə edilirdi və bu istiqamətdə həm pedaqoqların, həm mütəxəssislərin rəyləri, eyni zamanda, xarici təcrübə də diqqətlə nəzərdən keçirildi. Sonda bu gün çox yaraşıqlı, hamının zövqünə oxşayan vahid forma təsdiq edildi.

Görünən odur ki, cəmiyyət bunu normal qəbul etdi. Hər gün məktəblərə minlərlə yeniyetmə vahid formada gedir. Vahid forma bərabərlik deməkdir, heç kəsin bir-birindən fərqlənməməsi deməkdir, gənclərin diqqətinin ancaq təhsilə yönəlməsi deməkdir.

Bu məsələdə Azərbaycan öz daxili məsələsi kimi qərar qəbul edib. Hesab edirəm ki, vahid məktəbli forması gənclərimizin təhsilə daha çox diqqət etməsinə, özlərini gələcək həyata hazırlamasına, geyim fərqinə deyil, təhsilə diqqət yetirməsinə yardımçı olacaq”, – deputat bildirib. (Unikal)