Şəhid atasının 10 illik pensiyası kəsildi - Ailə şikayət edir

Şəhid atasının 10 illik pensiyası kəsildi - Ailə şikayət edir Sosial

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri olan şəhid Valeh Bədalovun atası Vahid Bədəlovun 10 ildir ikinci qrup əlil kimi aldığı pensiya kəsilib.

News24.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya şəhid anası Südabə Qazıyeva müraciət edib.

Onun sözlərinə görə, həyat yoldaşının çoxsaylı xəstəlikləri var və ağır vəziyyətdədir: “Həyat yoldaşım Vahid Bədəlov 2016-cı ildə Aprel döyüşləri zamanı infarkt keçirdi. Açıq ürək əməliyyatı olundu, ürəyinə stent qoyuldu. Sonra ona II qrup əlil kimi pensiya təyin olundu və beş il pensiya aldı. Əvvəldən şəkər xəstəliyi var idi, 2020-ci ildə artıq şəkəri çox ağır vəziyyətə düşdü, ikinci dəfə əlillik təyinatını bu xəstəliyinə görə verdilər.

Yoldaşım beyin qansızması keçirən adamdır, mədəaltı vəzi demək olar ki, sıradan çıxıb, işləmir, ayaqları millə yığılıb. 2022-ci ildə onu maşın vurmuşdu. Kəllə-beyin travması alıb, həm ürəyində stent var, həm də gözlərindən, düz bağırsağından əməliyyat olunub. Çoxsaylı xəstəlikləri var, bu insanın salamat bir yeri yoxdur. Elə günümüz xəstəxanalarda keçir”.

Şəhid anası deyir ki, bir aydan çoxdur xəstəxanaları gəzsələr də, problemi həll edə bilmirlər: “Oktyabr ayında növbəti müayinə üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət etdik. Bir aydır ki, xəstəxanaları gəzirik. Maşın tutub Bakıya da aparmışam, orada bizi endokrinologiya, ürək və baş-beyin travmasına görə üç xəstəxanaya göndərdilər. Hamısından kağızları yığıb gəldik. Onları sistemə vurmaq üçün bizi təzədən Şəkiyə göndərirlər. Maşın tutdum, yoldaşım da nasaz adamdır, gedirik-gəlirik, bir aydır yollardayıq. Axırda bizə bildirdilər ki, Zaqatalada sənədlər sistemə vurulmalıdır, sonra bizə gün təyin olunmalıdır və biz Şəkiyə getməliyik.

Dedilər ki, TƏBİB-dən Zaqatala xəstəxanasına göstəriş verilib ki, bu adamdan sənədlərini, ümumiyyətlə, sistemə vurmayın. Mən tələb edirəm ki, heç olmasa, sənədləri sistemə vurun, yoldaşımı əyani komissiyanın qabağına aparım, orada nə vəziyyətdə olduğunu görsünlər”.

Qeyd edək ki, şəhid baş leytenant Valeh Bədəlov 2015-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edib, Aprel döyüşlərinin iştirakçısı olub. 2020-ci ildə Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cəbrayıl döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Aşağı Tala kəndində torpağa tapşırılıb. “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallara və ən ali fərqlənmə dərəcələrindən olan “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. O, evin tək oğul övladı olub.

Xatırladaq ki, şəhidin anası Südabə Qaziyeva Zaqatalanın Aşağı Tala kəndində 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi kimi 3 il əvvəl sertifikatlaşdırma imtahanında rekord nəticəyə imza atıb. O, 67 dəqiqədə mümkün 60 baldan 59 bal toplamışdı.