Hüquq müdafiəçisi Rəşad Dağlı barədə əslində nə deyib? – “Əfv oluna bilərlər”

Hüquq müdafiəçisi Rəşad Dağlı barədə əslində nə deyib? – “Əfv oluna bilərlər” Sosial

Hüquq müdafiəçisi Novella Cəfəroğlu və meyxanaçı Rəşad Dağlının adları hallanan son xəbər müəyyən çaşqınlıq yaradıb.

“Bəzi jurnalistlər və sosial şəbəkə istifadəçiləri məsələni yanlış təqdim ediblər. Məndən Rəşad Dağlı ilə bağlı da soruşdular. Dedim ki, onun işi barədə ətraflı məlumatım yoxdur, heç kimə nə etdiyini də bilmirəm. Sadəcə dedim ki ki, cəzasının üçdə ikisini çəkmiş şəxslərlə bağlı qanunda müəyyən müddəalar var və həmin kateqoriyaya düşənlər əfv oluna bilərlər”.

News24.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.

O, bir daha xatırladıb ki, Prezidentə böyük əfv fərmanı xahişi ilə müraciət ünvanlayıb:

“Məqsədimiz geniş əfv fərmanının verilməsidir ki, onun çərçivəsində siyasi məhbus hesab etdiyimiz şəxslər də azadlığa buraxılsın. Ancaq heç bir siyahı təqdim edilməyib. Çünki hələ Əfv Məsələləri Komissiyası fəaliyyətə başlamayıb. Bu, sadəcə müraciət olub. Mənə "siyahı vermisinizmi" sualı verildi. Cavab verdim ki, xeyr, siyahı yoxdur. Komissiya işə başlayanda müxtəlif təşkilatlar öz təkliflərini təqdim edə bilər”.

N.Cəfəroğlu əlavə edib: “Biz hüquq müdafiə təşkilatıyıq. Fəaliyyətimiz yalnız siyasi məsələlərlə məhdudlaşmır. Minlərlə insan müxtəlif hüquqi problemlərlə bağlı bizə müraciət edir və biz onların hüquqlarının müdafiəsi ilə məşğul oluruq.

Bir daha vurğulamaq istəyirəm ki, Prezidentə ünvanladığımız müraciətdə heç bir şəxsin adı göstərilməyib. Yalnız geniş əfv fərmanının verilməsi xahiş olunub ki, nəticədə daha çox insan azadlığa çıxsın. Biz nə bloqerlərin, nə jurnalistlərin, nə də başqa şəxslərin adlarını təqdim etmişik. Siyahılar yalnız Əfv Məsələləri Komissiyası fəaliyyətə başlayandan sonra hazırlanır və müzakirəyə təqdim olunur”.

Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid isə “Yeni Sabah”a bildirib ki, komissiya, adətən, öz işinə yanvar ayından başlayır və sənədlər mart və ya may aylarında hazırlanaraq dövlət başçısına təqdim olunur:

“Əfv fərdi müraciətlər əsasında həyata keçirilir. Daxil olan müraciətlər əvvəlcə Əfv Məsələləri Komissiyasının katibliyində araşdırılır, müəyyən meyarlara uyğun hesab edilənlər isə komissiyanın iclasında müzakirəyə çıxarılır.

Novella Cəfəroğlu və rəhbərlik etdiyi təşkilat da ayrıca siyahı hazırlayaraq onu Əfv Məsələləri Komissiyasına təqdim edir. Həmin siyahılar da digər müraciətlərlə birlikdə nəzərdən keçirilir və sonda müvafiq qərar qəbul olunur. Hazırda əfv prosesi ilə bağlı konkret fikir söyləmək mümkün deyil. Böyük ehtimalla, əvvəlki illərdə olduğu kimi, Əfv Məsələləri Komissiyasının iclasları da bir neçə aydan sonra başlayacaq”.