Şəhərdə parkinq xaosu: Tariflər hansı əsaslarla müəyyənləşdirilir?
Sosial
Ötən günlərdə sosial şəbəkədə xanım izləyicilərdən biri parkinq qiymətləri ilə bağlı paylaşım etmişdi. Paylaşımda ticarət məkanlarında parklanma qiymətlərinin baha olduğu və bunun da bir çox insanlarda narazılıq doğurduğu qeyd olunub. Sözügedən video sosial şəbəkələrdə geniş müzakirə yaratdı və parklanma tariflərinin yüksək olması, bu qiymətlərin hansı əsaslarla müəyyənləşdirilməsi, eləcə də küçə parklanması ilə özəl parkinqlər arasındakı fərqlər barədə müxtəlif sualları gündəmə gətirdi.
Maraqılıdır, bəs parkinq qiymətləri necə tənzimlənir? Küçə parklanması ilə ticarət mərkəzlərinin parkinqlər arasında hansı fərqlər var?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev qeyd edib ki, sosial şəbəkələrdə yayılan videoda küçə parklanması ilə ticarət mərkəzlərinin parkinqlər qarışdırılır: "Ticarət mərkəzlərinin, iş mərkəzlərinin və ya hotellərin parkinqləri ayrıca mövzudur və onlar küçə parklanması sisteminə daxil deyil. Küçə parklanması isə ayrıca qaydalarla tənzimlənir.
Ümumilikdə parklanma qiymətlərinə ayrıca bir məsələ kimi deyil, şəhər mobilliyi sisteminin tərkib hissəsi kimi baxmaq lazımdır. Dayanıqlı Şəhər Mobilliyi Planına əsasən bu sistem "çəkindir, əvəz et və təkmilləşdir" prinsiplərinə əsaslanır.
Çəkindirici element məhz parklanmadır. Şəhərdə ən dəyərli resurs torpaq olduğundan onun səmərəli istifadəsi ilə bağlı qərarlar qəbul edilib. Bu qərarlar hələ üç il əvvəl təsdiqlənəndə belə parklanma qiymətləri qonşu Tbilisi ilə müqayisədə təxminən iki dəfə ucuz idi. Şəhər mərkəzində parklanma tarifləri daha yüksəkdir.
Hazırda küçə parklanması zonalara bölünüb. Şəhərin mərkəzində parklanma haqqı saatı 1 manat, ikinci zonada 70 qəpik, üçüncü zonada 40 qəpikdir. Dördüncü zonada isə parklanma ödənişsizdir. Gələcəkdə bu tariflərə yenidən baxılması mümkündür".

Ekspertin sözlərinə görə, sistemin ikinci elementi alternativin yaradılmasıdır: "Bu istiqamətdə ilk növbədə ictimai nəqliyyatın üstünlüyü təmin edilib. Ayrılmış avtobus zolaqları yaradılıb, daşıyıcıların maliyyə dayanıqlığını artırmaq məqsədilə bruto müqavilə sisteminə keçid həyata keçirilib. Bu modelə əsasən daşıyıcılara qət etdikləri hər kilometrə görə subsidiya veriləcək. Bununla yanaşı, gündəlik, aylıq və illik bilet paketləri, həmçinin 90 dəqiqəlik pulsuz keçid imkanları kimi yeniliklər də tətbiq olunur.
Üçüncü istiqamət isə təkmilləşdirmədir. Bunun çərçivəsində bəzi küçələrdə yalnız ictimai nəqliyyatın hərəkət üstünlüyünü təmin edən xüsusi həllər tətbiq edilir. Artıq Füzuli küçəsi ilə Azadlıq prospektinin, eləcə də Şəmsi Bədəlbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişmələrində belə nümunələr mövcuddur. Oxşar həllər Ziya Bünyadov prospekti, Elçin Əfəndiyev küçəsi və Əhməd Rəcəbli küçəsinin sonunda yerləşən yol qovşaqlarında da tətbiq olunub. Bu cür layihələrin gələcək illərdə daha da genişləndirilməsi planlaşdırılır".
Rauf Ağamirzəyev böyük şəhərlərdə həm qısa müddətdə nəticə verən, həm də uzunmüddətli islahatların həyata keçirildiyini xüsusilə vurğulayıb. Onun sözlərinə görə, avtobus zolaqlarının və velosiped zolaqlarının yaradılması kimi layihələr insanların gündəlik həyatında dərhal hiss olunur: "Lakin metro, dəmir yolu və tramvay kimi nəqliyyat növlərinin inkişafı daha böyük investisiyalar tələb edir.
Məhz buna görə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı təsdiqlənib. Proqram çərçivəsində metro, dəmir yolu və tramvay şəbəkəsinin inkişafı nəzərdə tutulur. İlkin işlər artıq başlayıb və layihələr mərhələli şəkildə həyata keçirildikcə şəhərin mobillik sistemi də transformasiya olunacaq.
İndiyədək əsas diqqət avtomobil yollarının genişləndirilməsinə yönəldiyi üçün insanlar şəxsi avtomobildən istifadəyə daha çox üstünlük veriblər. Bunun nəticəsində isə tıxaclar artıb, nəqliyyatın hərəkəti çətinləşib və şəhərin mobilliyi mənfi təsirlərlə üzləşib. Buna görə də mobilliyin transformasiyası istiqamətində qərarlar qəbul edilib və ilk nəticələr artıq görünməkdədir".