İranda dəhşət yaşanır, ordu hərəkətə keçdi: Toqquşma başladı
Sosial
İranda son günlərdə davam edən kütləvi etirazlar artıq pik həddə çatıb. Bir sıra şəhərlərdə etirazçılarla SEPAH qüvvələri arasında toqquşmalar qeydə alınır, ölənlərin və yaralananların olduğu bildirilir. Sosial-iqtisadi problemlər, siyasi məhdudiyyətlər və ictimai narazılığın artması fonunda baş verən bu hadisələr ölkədə gərginliyi daha da dərinləşdirib.
Yaranmış vəziyyət İranda Ayətullah Xamenei rəhbərliyindəki siyasi sistemi real şəkildə sarsıda və rejimin taleyini dəyişə bilərmi?
Məsələ ilə bağlı News24.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, İran hakimiyyətinin hazırkı vəziyyətə daha çox dözməsi praktik olaraq mümkün görünmür. Onun sözlərinə görə, ölkədə baş verən kütləvi etirazlar artıq sosial-iqtisadi və etnik gərginliyi kritik həddə çatdırıb:
"Xüsusilə İranın cənub bölgəsində yaşayan azərbaycanlılar Prezident Pezeşkian ətrafında birləşərək etirazlarda fəal iştirak edirlər. Bu qrupun iqtisadiyyatda, xüsusilə ticarət və sahibkarlıq sahəsində böyük nüfuza malik olması, hadisələrin sürətlə kütləviləşməsinə gətirib çıxarıb. Etirazlar sırasında Qasım Süleymaninin heykəllərinin aşırılması və dövlət simvollarının yandırılması artıq simvolik olaraq rejimin nüfuzuna ciddi zərbə vurub".
Politoloq əlavə edib ki, cənub qonşumuzdakı hakimiyyət dəyişikliyi cəhdləri təkcə siyasi deyil, həm də etnik-milli kontekstdə böyük təsir göstərə bilər:
"Xüsusilə kürdlər, ərəblər etirazlara geniş şəkildə qoşularsa, bu, hakimiyyətin zəifləməsi və hətta çökməsi üçün şərait yarada bilər. Bu proses fonunda Güneyli soydaşlarımızın Azərbaycanla əlaqələrinin artması, hətta müəyyən istiqamətlərdə Azərbaycana üz tutması reallaşa bilər. Lakin hazırda sərhədlərin bağlı olması və təhlükəsizlik səbəbləri bu prosesləri məhdudlaşdırır".
Politoloq həmçinin diqqət çəkib ki, hazırkı etirazlarda vahid liderin olmaması hadisələrin yönləndirilməsini çətinləşdirir, lakin eyni zamanda hakimiyyət üçün gözlənilməz və idarəolunmaz bir risk yaradır. O, Venesuelada baş verən prosesləri və ABŞ-nin o dövrdəki siyasi çağırışlarını xatırladaraq, beynəlxalq kontekstin də nəzərə alınmasının vacib olduğunu vurğulayıb:
"Hazırda Azərbaycan və beynəlxalq ictimaiyyət üçün ən doğru strategiya baş verən prosesləri diqqətlə izləmək, etnik və sosial gərginliyin ölkə daxilində necə inkişaf etdiyini təhlil etməkdir".