Jurnalist boğulan uşağı belə xilas etdi - TƏFƏRRÜAT

Jurnalist boğulan uşağı belə xilas etdi - TƏFƏRRÜAT Sosial

"Anasını elə qucaqlamışdı, lap kövrəltdi. Sonra da “xilaskar əmi”yə əl yelləyib güldü".

News24.az xəbər verir ki, bu sözləri jurnalist Elşad Paşasoy sosial şəbəkə hesabında azyaşlı uşağın həyatını xilas etməsi ilə bağlı paylaşımında yazıb.

Jurnalist gecə saatlarında evə qayıdarkən bir qadının kömək çağırışını eşidib. Məlum olub ki, 3-4 yaşlı uşağın çeynədiyi saqqız nəfəs borusuna gedib və o, boğulmağa başlayıb.

Elşad Paşasoy dərhal müdaxilə edərək azyaşlıya ilkin yardım göstərib. Bir neçə cəhddən sonra qızcığın nəfəs borusunu bağlayan saqqız çıxıb və azyaşlı yenidən nəfəs alıb:

“Saat 23 radələrində yorğun halda evə çatırdım ki…Birdən bir qadının qışqırtısını eşitdim. 3-4 yaşlı qızcığaz boğulurdu. Anasının gücü uşağın kürəyinə vurub, qışqırmağa çatırdı(( Ani olaraq qaçıb əlimdəki çanta və pencəyi yerə tulladım, uşağı alıb, bir dəfə Xəqani qardaşımın elə bu qızcığazın yaşıdı olan uşağı xilas etdiyi şəkildə onu özünə gətirməyə çalışdım. Uşaq bir anda süstəldi, o anda nələr çəkdim, bir Allah bilir((( Anası da özündə deyildi…Amma Allah qıymadı, uşaq bir neçə dəfə öskürdü və nəfəs borusunu qapatmış…saqqız yerə düşdü. Şükür sənə, İlahi, deyib, uşağa bir az su içirdik. Sağ olsun ətrafdakı yaxşı adamlar da özlərini yetirdilər. Yaş içərisində olan gözləri gülməyə başladı balaca mələyin. Anasını elə qucaqlamışdı, lap kövrəltdi… Sonra da “xilaskar əmi”yə əl yelləyib güldü. Belə, yaxşı sonluqla bitən həyəcanlı dəqiqələr…

Paylaşım etdim ki…uşaqları qoruyaq, lütfən, hətta ağzındakı saqqızdan da! Axşam gəzintisinə, hava almağa çıxardığı körpəsinin başına belə bir müsibət gələcəyini kim düşünə bilər(di)?..Allah bütün balaları qorusun.”