Tanınmış gəmi kapitanı Şəmistan Həsənov vəfat etdi

Tanınmış gəmi kapitanı Şəmistan Həsənov vəfat etdi Sosial

Azərbaycanın tanınmış dənizçisi, kapitan Şəmistan Həsənov 92 yaşında vəfat edib.

Bu barədə News24.az-a onun yaxınları məlumat verib.

Qeyd edək ki, Şəmistan Həsənov 1934-cü ildə Qərbi Azərbaycanın Böyük Qarakilsə rayonunun Gözəldərə kəndində anadan olub. Yeniyetmə yaşlarından dənizçiliklə məşğul olub və ocaqçı vəzifəsindən kapitanlığa qədər yüksəlib.

O, “Berdı Kerbabayev”, “Aşıq Ələsgər” və digər gəmilərin kapitanı olub. Quru yük gəmisində uzaq səfərlər kapitanı kimi Qara dəniz hövzəsində fəaliyyət göstərib. İtaliya, keçmiş Yuqoslaviya, Fransa, Almaniya, Portuqaliya, Misir, Əlcəzair, İspaniya, Kuba və digər ölkələrə yük daşımalarını həyata keçirib.

1950-ci ildə Bakıda gəmi heyəti hazırlayan dənizçilik texnikumuna daxil olub. Təhsil aldığı müddətdə “Kirov” gəmisində əvvəlcə ocaqçı, daha sonra maşinist vəzifəsində çalışıb.

1953–1957-ci illərdə Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbində “Gəmi sürücüsü” ixtisası üzrə təhsil alıb. 1958-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin “Türkmənistan” gəmisində matros kimi fəaliyyətə başlayıb. Sonrakı illərdə müxtəlif gəmilərdə kapitanın köməkçisi, daha sonra kapitan vəzifəsində çalışıb.

1977-ci ildə “Berdi Kerbabəyov” gəmisini zavoddan qəbul edərək onun kapitanı olub. 1987-ci ilədək Qara dəniz hövzəsində uzaq səfərlər kapitanı kimi yükdaşımalar həyata keçirib.

Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə “Sovet Naxçıvanı” gəmi-bərəsini Yuqoslaviyadakı zavoddan qəbul edərək Azərbaycana gətirib.

2003-cü ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Dəniz xidmətinin rəisi – liman kapitanı vəzifəsinə təyin edilib.

Şəmistan Həsənov Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü ildə “Tərəqqi” medalı ilə təltif olunub. 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alıb.

O, həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)” medalı, “Donanmanın fəxri işçisi” döş nişanı və “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

Xatırladaq ki, kapitanın noyabrın 13-ü 92 yaşı tamam olub.

Tanınmış gəmi kapitanı Şəmistan Həsənov vəfat etdi