"Katibələr məktəblərdə psixoloq işləyir" - EKSPERTDƏN SƏRT TƏNQİD
Sosial
Azərbaycanda psixologiya ixtisası üzrə hər il onlarla mütəxəssis yetişməsinə baxmayaraq, bəzi məktəblərdə psixoloq çatışmazlığının olduğu bildirilir.
Halbuki məktəb psixoloqları şagirdlərin psixoloji vəziyyətinin, davranışlarının izlənilməsində, onların emosional və sosial inkişafında, sağlam məktəb mühitinin formalaşdırılmasında mühüm rol oynayırlar.
Maraqlıdır, bəs bu qədər tələbata və bir o qədər də kadr çoxluğuna rəğmən, niyə məktəblərdə psixoloq çatışmır?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən təhsil üzrə ekspert Elmin Nuri qeyd edib ki, məktəb psixoloqunun elə öhdəlikləri var ki, bir çox məktəblərdə bu vəzifəni icra edənlər həmin öhdəliklərdən xəbərsizdirlər: “Məktəb psixoloqu şagirdlərlə yanaşı, direktor, pedoqoji heyətlə bağlı müəyyən qərarların qəbul edilməsində də rol oynaya bilər. Məsələn, məktəb direktoru, rəhbər şəxs və ya hər hansı müəllim psixoloji gərginlikdən əziyyət çəkirsə, şəxsi problemləri varsa və bu hallar onun işinə mane olursa, məktəb psixoloqu bu məsələlərlə bağlı müəyyən addımlar ata bilər”.
Ekspert həmçinin məktəb psixoloqlarının iş şəraitindən də söz açıb: “Çox təəssüf ki, məktəblərdə bu ştat vahidi formal xarakter alıb. Bu vəzifə çox vacib və əhəmiyyətli olsa da, demək olar ki, məktəb psixoloqlarının heç birinin ayrıca otağı, şəxsi kabineti yoxdur.
Halbuki beynəlxalq pedaqoji standartlarda məktəb psixoloqunun kabinetinin necə, hansı standartlara uyğun qurulmalı olması, otaqda hansı dekorların yerləşdirilməsi və onların hansı funksiyanı daşıması müəyyənləşdirilib. Otaqda şəkillərin yerləşdirilməsi, mütəxəssisin iş prinsipləri, şəxsi işlərin hazırlanması və müəyyən siyasətlərin həyata keçirilməsi üçün də müvafiq şərait olmalıdır.
Bu gün məktəb psixoloqunun məktəbdə oturmağa yeri yoxdur. Belə olan halda, biz bu ştatın faydalılığı barədə nə danışa bilərik? Halbuki bu, ən elementar məsələlərdən biridir.
Elmin Nuri həmin ixtisasda çalışan şəxslərin maaş məsələsinə də aydınlıq gətirib: “Hazırda məktəb psixoloqunun maaşı onun bütün imkanlarından və vaxtından istifadə etməsi üçün yetərli deyil. Nəticədə bəzi məktəblərdə boş qalan ştat vahidləri ixtisası uyğun olmayan şəxslər tərəfindən, necə deyərlər, formal şəkildə doldurulur. Halbuki həmin şəxslərin nə psixologiyadan, nə də pedaqogikadan anlayışı var.
Təsəvvür edin ki, katibə işləməli olan şəxs məktəbdə məktəb psixoloqu kimi fəaliyyət göstərir. Bu, arzuolunmaz haldır.
Məktəb psixoloqu müəllimlərdən fərqli olaraq, dərsdən sonra repetitorluq etməklə əlavə gəlir əldə edə bilmir. Buna görə də bəzi şəxslər, təəssüf ki, üç və ya altı aylıq kurslara qatılaraq psixologiya sahəsinə yönəlirlər.
Bu da başqa bir problem yaradır. Psixologiya elə bir sahədir ki, üç və ya altı aylıq kurslarla mütəxəssis olmaq mümkün deyil. Bu cür qısa müddətdə peşəkar psixoloq yetişdirmək mümkün deyil”.
Ekspertin sözlərinə görə, növbəti problem isə şagirdlərin sayı ilə bağlıdır: “Qaydalara əsasən, məktəbdə hər 500 şagirdə bir psixoloq düşməlidir.
Baxın, otağı olmayan, maaşı yüksək olmayan məktəb psixoloqu 500 şagirdlə necə işləyə bilər? Bu sahədə sadaladığım problemlər həll olunarsa və müvafiq dəyişikliklər edilərsə, biz məktəb psixoloqu ştatının faydalılığı barədə danışa bilərik”.