Kağız dərsliklər tarix olur? – Şagirdlər üçün yeni dövr başlayır
Sosial
Azərbaycanda orta məktəb dərsliklərinin rəqəmsallaşdırılması yenidən gündəmə gəlib. Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin Elm və Təhsil Komitəsinin son iclasında çıxışı zamanı bu istiqamətdə təklif irəli sürərək, dərsliklərin rəqəmsal formata keçirilməsinin vacibliyini vurğulayıb. Deputatın sözlərinə görə, dərsliklərdə yol verilən səhvlərin operativ şəkildə aradan qaldırılması və yenilənmiş məzmunun daha sürətli şəkildə şagirdlərə çatdırılması baxımından rəqəmsallaşdırma mühüm üstünlüklər yaradır.
Mövzu ilə bağlı News24.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, bu mövzuya “ya tam rəqəmsal, ya da heç” yanaşması düzgün olmaz:
"Dünya təcrübəsi də göstərir ki, məsələ texnologiyanın özü yox, necə və nə qədər istifadə olunmasıdır. Bir tərəfdən baxsaq, dərsliklərin rəqəmsallaşdırılması real problemləri həll edə bilər. İllərdir şagirdlərin ağır çantalardan şikayət etməsi təsadüfi deyil. Xüsusilə ibtidai və orta siniflərdə bu həm fiziki narahatlıq yaradır, həm də valideynlər üçün əlavə yükdür. Rəqəmsal dərsliklər bu problemi xeyli yüngülləşdirə, dərsliklərin yenilənməsini, səhvlərin operativ düzəldilməsini və əlavə interaktiv materialların istifadəsini asanlaşdıra bilər. Bir çox ölkələrdə dərsliklərə video, audio, animasiya və özünüqiymətləndirmə tapşırıqlarının inteqrasiyası şagirdin mövzunu daha yaxşı qavramasına kömək edir.

Amma işin digər tərəfi də var və bu tərəfi görməmək sadəlövhlük olar. Ekran qarşısında keçirilən vaxtın artması artıq qlobal problemdir. Finlandiya, Cənubi Koreya, hətta yüksək texnologiyalı ölkələr belə son illər balans məsələsini ciddi müzakirə edir. Uzun müddət ekrana baxmaq diqqət dağınıqlığı, göz yorğunluğu və oxu vərdişlərinin zəifləməsi ilə nəticələnə bilər. Xüsusilə kiçik yaşlı uşaqlar üçün kağız üzərində oxuma ilə ekrandan oxuma arasında ciddi fərq var və tədqiqatlar göstərir ki, mətnin dərin qavranılması kağızda daha güclüdür".
Mütəxəssis qeyd edir ki, ən sağlam yanaşma tam rəqəmsallaşma yox, paralel modeldir:
"Yəni çap dərslikləri saxlanılsın, amma onları tamamlayan rəqəmsal versiyalar da olsun. Ev tapşırıqları, əlavə resurslar, mövzu izahları, interaktiv testlər rəqəmsal mühitdə təqdim oluna bilər, əsas oxu və yazı vərdişləri isə kağız üzərində möhkəmləndirilə bilər. Bir çox Avropa ölkəsində məhz bu model tətbiq olunur və daha effektiv nəticə verir.
Bir vacib məqam da bərabər imkan məsələsidir. Hər ailənin eyni səviyyədə texniki imkanı yoxdur. Rəqəmsallaşma addımı atılarkən regionlar, sosial fərqlər və internetə çıxış imkanları mütləq nəzərə alınmalıdır. Əks halda bu, təhsildə fərqləri azaltmaq əvəzinə daha da dərinləşdirə bilər".
"Dərsliklərin rəqəmsallaşdırılması özü-özlüyündə nə xilas yoludur, nə də təhlükə. Bu, düzgün planlama, yaşa uyğun yanaşma, müəllim hazırlığı və valideynlərlə açıq dialoq tələb edən bir prosesdir. Texnologiya məqsəd yox, alət olmalıdır. Əsas məqsəd isə dəyişməz qalır: düşünən, oxuyan və öyrənməyi sevən şagird yetişdirmək", - deyə o sonda vurğulayıb.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, ümumi təhsil pilləsi üzrə hazırlanan dərsliklərin rəqəmsallaşdırılması təşəbbüsünə 2014-cü ildən etibarən mərhələli şəkildə başlanılıb və hazırda ümumi təhsilin bütün səviyyələri üzrə dərsliklərin rəqəmsal nüsxələri www.e-derslik.edu.az portalında mövcuddur: "Sözügedən dərsliklərin elektron nüsxələri www.trims.edu.az saytında da yer alır. Həmin dərsliklərə istənilən vaxt onlayn baxmaq, eləcə də onları elektron cihazlara yükləyərək oflayn rejimdə istifadə etmək mümkündür.
Bununla yanaşı, müvafiq fənlər üzrə dərsliklər multimedia elementləri (audio fayllar, video materiallar və s.) ilə də zənginləşdirilib və bu istiqamətdə işlər mərhələli şəkildə davam etdirilir.
Hazırda www.e-derslik.edu.az saytında 300-dən çox elektron dərslik və www.trims.edu.az saytında isə 800-dən çox dərslik və dərsliklə komplekt təşkil edən müəllim üçün metodik vəsait istifadə üçün açıqdır".