Keçmiş mətbuat katibi iş qadını olur
Sosial
TƏBİB-in keçmiş mətbuat katibi Zamira Adilova sosial şəbəkə hesabında yeni fəaliyyət istiqaməti ilə bağlı paylaşım edib. Bildirib ki, aprel ayından sonuncu iş yerindən ayrılıb və bu müddətdə rəfiqəsi ilə birlikdə yoqa və meditasiya üzrə fəaliyyət göstərən bir mərkəzin idarəçiliyini üzərinə götürərək onun fəaliyyətini davam etdirmək qərarına gəlib.
News24.az xəbər verir ki, sabiq sözçünün sözlərinə görə, yoqa ilə ilk tanışlığı yeddi il əvvəl baş tutub və bu seçim həyatının ən doğru qərarlarından birinə çevrilib.
"Yoqa mənim sadəcə bədənimi gücləndirmədi. Mənə nəfəs almağı, dayanmağı, özümü dinləməyi, çətinliklər qarşısında tarazlığı qorumağı öyrətdi. Həyatımın ən çətin dövrlərində belə mənim üçün sığınacaq oldu", – o yazıb.
Bununla yanaşı, Zamira Adilova peşəkar fəaliyyətə açıq olduğunu da qeyd edib.
"İctimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində uzun illər ərzində qazandığım təcrübəmi yeni komandada və yeni layihələrdə davam etdirmək istəyirəm. İnanıram ki, qarşıda məni gözəl imkanlar gözləyir", – deyə o vurğulayıb.