Şəkidə "Ağıllı Qoruq" konsepsiyası tətbiq olunacaq
Sosial
Şəkidə "Ağıllı Qoruq" konsepsiyasının tətbiq olunması nəzərdə tutulur.
News24.az xəbər verir ki, bunu Şəkinin Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru Gülnarə Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə deyib.
"Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində "Ağıllı Qoruq" (Smart Qoruq) konsepsiyasının tətbiqi planlaşdırılır. Konsepsiya çərçivəsində turistlərin rahatlığının təmin olunması məqsədilə naviqasiya və məlumatlandırma sistemləri qurulacaq. Qoruq ərazisində rəqəmsal bilet satışı sisteminin tətbiqi də nəzərdə tutulur. Yeniliklər turistlərin qoruğu daha rahat və səmərəli şəkildə ziyarət etməsinə imkan yaradacaq", - deyə o qeyd edib.
Direktor əlavə edib ki, Şəki şəhərinin zəngin mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət davam etdiriləcək: "Tarixi irsin mühafizəsi ilə bağlı həyata keçirilən layihələr həm konservasiya, həm də müasir idarəetmə mexanizmlərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır".