Kirayə müqaviləsi bağlamayanları gözləyən böyük risk – Açıqlama

Kirayə müqaviləsi bağlamayanları gözləyən böyük risk – Açıqlama Sosial

Azərbaycanda kirayə mənzil bazarında həm kirayə verənlər, həm də kirayəçilər arasında yaranan mübahisələrin sayı artmaqdadır. Bu mübahisələrin əksəriyyəti tərəflər arasında yazılı müqavilənin bağlanmaması, ödənişlərin qeyri-rəsmi qaydada aparılması və hüquq və öhdəliklərin əvvəlcədən dəqiq müəyyən edilməməsi ilə əlaqədardır. Bəzən kirayəçinin xəbərdarlıq edilmədən evdən çıxarılması, depozitin geri qaytarılmaması və ya mənzilə dəyən zərərin ödənilməsi kimi məsələlər ciddi hüquqi mübahisələrə çevrilir.

Kirayə münasibətlərində ən çox rast gəlinən hüquqi səhvlər hansılardır?

Kirayəçi hansı hallarda ev sahibindən kompensasiya tələb edə bilər?

News24.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, ən böyük səhvlərdən biri kirayə müqaviləsinin bağlanmamasıdır:

“Bu, hər iki tərəfə ziyan vura bilər.

Məsələn, kirayə verən üçün problem yarana bilər. Sabah kirayəçi deyə bilər ki, kirayə haqqı 400 manat deyil, 50 manat olub. Kirayənin hansı aylarda və hansı tarixlərdə ödənilməsi də müqavilədə dəqiq göstərilməlidir. Bundan başqa, evdə olan əşyaların, mebelin və digər əmlakın siyahısı da müqavilədə qeyd olunmalıdır. Əgər bunlar yazılı şəkildə göstərilməsə, sabah kirayəçi evdə olan əşyaları götürüb deyə bilər ki, həmin əşyalar ümumiyyətlə evdə olmayıb”.

Hüquqşünas əlavə edib ki, eyni zamanda, kirayə götürənin də hüquqları qorunmalıdır:

“Məsələn, müqavilə yoxdursa, kirayəçini istənilən vaxt evdən çıxarmaqla bağlı mübahisə yarana bilər. Bir məsələ var ki, müqavilən var, orada müddət və digər şərtlər göstərilib. Digər məsələ isə odur ki, tərəflərin əlində heç bir yazılı sübut yoxdur.Bu baxımdan həm kirayə verənin, həm də kirayə götürənin hüquqlarının qorunması, eləcə də tərəflərin bir-birinə vura biləcəyi ziyanın qarşısının alınması üçün kirayə müqaviləsinin bağlanması çox vacibdir”.