"Köhnə nəsil" qatarlara kondisioner quraşdırılması texniki cəhətdən mümkün deyil - Metropoliten rəsmisi
Sosial
Bakı Metropolitenində əvvəlki üçüncü nəsil, yaxud sərnişinlərin "köhnə nəsil" adlandırdığı qatarlara kondisioner quraşdırılması texniki baxımdan mümkün deyil".
News24.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məhz bu səbəbdən köhnə qatarların yeni qatarlarla əvəzlənməsi gündəmdədir: "Sadəcə, həmin qatarlar istehsalçı zavodun müəyyən etdiyi istismar müddəti başa çatanadək Bakı Metropolitenində istifadədə olacaq.
Eyni zamanda, ötən dövr ərzində Bakı Metropoliteninin vaqon parkının demək olar ki, yarısı yenilənib. Belə ki, 69 qatarın 36-sı artıq kondisioner sistemi ilə təchiz olunub. Həmin qatarlar "Həzi Aslanov"–"Dərnəgül" istiqamətində hərəkət edir.
Gələcəkdə xətlər ayrıldıqdan sonra "Dərnəgül"–"Xətai" istiqamətində də yeni qatarların istismara verilməsi nəzərdə tutulur", – deyə Bəxtiyar Məmmədov bildirib.