Kolleclər ləğv olunur - Bu universitetlərin balansına veriləcək - SİYAHI

Kolleclər ləğv olunur - Bu universitetlərin balansına veriləcək - SİYAHI Sosial

Azərbaycanda orta ixtisas təhsili sistemində köklü dəyişikliklərin edilməsi müzakirə olunur. Bu barədə Elm və Təhsil Nazirliyinin şöbə müdiri Turxan Süleymanov açıqlama verib. Təkliflərə əsasən, kolleclərin idarəetmə modelinin yenilənməsi, onların ali təhsil müəssisələrinin strukturuna inteqrasiyası və qəbul qaydalarının dəyişdirilməsi nəzərdə tutulur.

Bu yeniliklər gələcəkdə kollec təhsilinin təşkili və tələbə qəbulu prosesinə necə təsir edəcək?

Məsələ ilə bağlı News24.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, 9 illik təhsil bazasından kolleclərə qəbulun dayandırılması və həmin şagirdlərin peşə təhsilinə yönləndirilməsi daha məqsədəuyğun yanaşma ola bilər:

"Hazırda 9 illik təhsil bazasından kolleclərə qəbul olunan məzunların əmək bazarında iş imkanları məhdud olur. Bu baxımdan, həmin şagirdlərin peşə təhsili müəssisələrinə istiqamətləndirilməsi onların konkret bir peşəyə yiyələnməsinə və daha qısa müddətdə əmək bazarına daxil olmasına kömək edə bilər. 9 illik ümumi orta təhsilini başa vuran şagirdlər bundan sonra peşə məktəblərində təhsillərini davam etdirə bilərlər. Belə olduqda onlar həm praktik bacarıqlar əldə edər, həm də əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə hazırlıq keçərlər".

Ekspert hesab edir ki, 11 illik təhsil bazasından kolleclərə qəbulun davam etdirilməsi, eyni zamanda, həmin təhsil müəssisələrinin müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilməsi nəzərdə tutula bilər. Onun sözlərinə görə, bu prosesdə kolleclərin ixtisas istiqamətləri əsas götürülməlidir.

"Texniki profilli kolleclərin Texniki Universitetin, kənd təsərrüfatı yönümlü kolleclərin Aqrar Universitetin, rabitə və kommunikasiya sahəsi üzrə ixtisaslaşan müəssisələrin müvafiq texniki ali məktəblərin tabeliyinə verilməsi təklif olunur. Memarlıq və tikinti istiqamətli kolleclərin Memarlıq və İnşaat Universitetinin, iqtisadiyyat profilli kolleclərin isə İqtisad Universitetinin nəzdində fəaliyyət göstərməsi nəzərdə tutula bilər".

Ekspertin fikrincə, kolleclərin müvafiq ali təhsil müəssisələrinə inteqrasiyası onların tədris prosesinin təkmilləşdirilməsinə, maddi-texniki imkanlarından daha səmərəli istifadə olunmasına və ixtisas hazırlığının gücləndirilməsinə şərait yarada bilər.