Kredit almaq çətinləşir? - İqtisadçı 70 faiz limitinin səbəbini açıqladı

Kredit almaq çətinləşir? - İqtisadçı 70 faiz limitinin səbəbini açıqladı Sosial

Azərbaycanda bank kreditlərinin verilməsi qaydalarında yeni tələblər müəyyənləşdirilib. Dəyişikliklər borcalanların gəlirlərinin hesablanması, kredit risklərinin qiymətləndirilməsi və zaminlərin borc yükü ilə bağlı məsələləri əhatə edir. Yeni qaydalara əsasən, zaminin borcunun gəlirə nisbəti 70 faizdən çox olmamalıdır. Eyni zamanda, bankların gəlirləri sənədlərlə təsdiqlənə bilən şəxslərin qazancını davranış modeli əsasında proqnozlaşdırmasına məhdudiyyət qoyulur.

Bəs yeni tələblər kredit almaq istəyən vətəndaşlara necə təsir edəcək? Zaminlik şərtlərinin sərtləşdirilməsi kredit əldə etməyi çətinləşdirəcəkmi?

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, Mərkəzi Bankın kredit standartları ilə bağlı tətbiq etdiyi yeni tələblər bank sektorunda risklərin daha effektiv idarə olunmasına və məsuliyyətli kreditləşmənin gücləndirilməsinə xidmət edir.

"2022-ci ildən sonra Mərkəzi Bankın rəhbərliyində dəyişiklik baş verməsi ilə ölkənin bank sektorunda beynəlxalq idarəetmə, bank və korporativ idarəetmə standartlarının tətbiqinə daha çox diqqət yetirilməyə başlanılıb. 2022-ci ildən sonra Azərbaycanın bank sektoru müasir yanaşmalara doğru addımlar atmağa başlayıb. Yeni dəyişikliklər də məsuliyyətli kreditləşmənin gücləndirilməsi, risklərin daha düzgün hesablanması və əhalinin həddindən artıq borclanmasının qarşısının alınması istiqamətində mühüm addımlardır".

İqtisadçı bildirib ki, yeni tələblərə əsasən, istehlak kreditləri üzrə zamin kimi çıxış edən şəxsin borcunun gəlirə nisbəti 70 faizdən artıq ola bilməz:

"Sadə dillə desək, aylıq gəliri 1000 manat olan şəxsin borc öhdəlikləri üzrə aylıq ödənişləri 700 manatı keçməməlidir. Bu yanaşma zaminlərin maliyyə imkanlarının real qiymətləndirilməsinə və onların ödəmə qabiliyyətinə uyğun öhdəlik götürməsinə imkan yaradır. Digər mühüm dəyişiklik kredit risklərinin hesablanması ilə bağlıdır. Belə ki, son 12 ay ərzində balansdan silinmiş, model əsasında verilən kreditlər də risk hesablamalarında nəzərə alınacaq. Bu, bankların kredit portfelindəki real riskləri daha dolğun qiymətləndirməsinə və problemli kreditlərin risk hesablamalarından kənarda qalmasının qarşısının alınmasına imkan verəcək. Bununla yanaşı, borcalanın gəlirlərini rəsmi sənədlər və ya dövlət informasiya sistemləri vasitəsilə müəyyən etmək mümkün olduğu halda, bankların həmin gəlirləri davranış modelləri əsasında proqnozlaşdırmasına məhdudiyyət qoyulması da vacib qərardır. Kredit qərarları real və təsdiqlənə bilən gəlirlərə əsaslanmalıdır".

İqtisadçı hesab edir ki, dəyişikliklərin mühüm sosial-iqtisadi nəticələrindən biri əhalinin həddindən artıq borclanmasının məhdudlaşdırılması olacaq. O vurğulayıb ki, kreditlərin əlçatanlığı ilə yanaşı, vətəndaşların götürdükləri borcları qaytarmaq imkanlarının da qorunması vacibdir.

“Əks halda, bu gün verilən kreditlər gələcəkdə ailə büdcəsi üçün əlavə yükə, banklar üçün problemli kreditlərə, bütövlükdə iqtisadiyyat üçün isə maliyyə sabitliyi risklərinə səbəb ola bilər. Hesab edirəm ki, Mərkəzi Bank öz mandatı çərçivəsində risklərin idarə olunması istiqamətində dünya təcrübəsinə uyğun, düşünülmüş addımlar atır. Yeni prudensial tələblər də məhz bu yanaşmanın nəticəsidir. Eyni zamanda, əhalinin borclanma ehtiyacının azalması üçün daha geniş iqtisadi tədbirlərin görülməsi vacibdir. Bunun üçün əhalinin gəlirləri artırılmalı, məşğulluq və əmək məhsuldarlığı yüksəldilməlidir. İnsanların iqtisadiyyatda yaratdığı əlavə dəyər artmalı, yaşayış xərclərinə təsir edən struktur problemlər aradan qaldırılmalıdır".

Kredit almaq çətinləşir? - İqtisadçı 70 faiz limitinin səbəbini açıqladı