"Çılğın dondurmaçı" cəmiyyəti iki yerə böldü: Hər kəs bu görüntülərdən DANIŞIR
Sosial
Son günlər "Çılğın dondurmaçı" kimi tanınan Mehmet Dinçlə birgə paylaşılan videolar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Paytaxtın mərkəzində ritmik musiqi, rəqs və şou ilə dondurma satan fenomenin ətrafına toplaşan insanların görüntüləri birmənalı qarşılanmır.
Məsələ ilə bağlı rəylər fərqlidir. Bəzi şəxslər videolardakı rəqslərdə dondurmaçını qınayır, digərləri isə bu şoularda iştirak edənləri ittiham edirlər. Bununla yanaşı, çılğın rəqsləri adi əyləncə kimi qiymətləndirən və burada hər hansı problem görməyənlər də az deyil.
Məsələ ilə bağlı News24.az-a danışan sosioloq Naib Nifətliyev bildirib ki, son dövrlər bəzi dəyərlərə münasibətdə aşınmalar müşahidə olunur və bu da narahatlıq doğurur:
"Əylənmək və xoş vaxt keçirmək normal haldır. Lakin sosial şəbəkələrdə məşhur olan şəxslərin davranışlarını kor-koranə təkrarlamaq, bunun trendə çevrilməsi və ictimai məkanlarda nümayiş etdirilməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Hər bir insanın davranışı şəxsi seçimidir. Ancaq həmin davranış cəmiyyət tərəfindən qiymətləndirilir və insanlar bir-birlərini ailə dəyərləri, etik davranış və milli-mənəvi prinsiplər prizmasından dəyərləndirirlər".
Sosioloq qeyd edib ki, biz nə qınayanların, nə də qınananların tərəfindəyik:
"Sadəcə, məsələyə empatiya ilə yanaşmaq lazımdır. İnsanlar öz cəmiyyətini, ailəsini və milli dəyərlərini təmsil edən şəxslərin müəyyən davranışlar sərgiləməsini istəmirlər. Bu baxımdan səslənən tənqidləri də tamamilə görməzdən gəlmək olmaz".
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan ortaq tarixi, mədəniyyəti və dəyərləri bölüşən iki qardaş ölkədir, lakin bu yaxınlıq heç kəsə ictimai məkanda nümayiş etdirilən hər bir davranışı norma kimi qəbul etdirmək hüququ vermir:
"Hazırda "Çılğın dondurmaçı" ətrafında yaranan görüntülər artıq sosial şəbəkələrdə trendə çevrilib. Kimlərsə bunu adi əyləncə hesab edir, digərləri isə sərt şəkildə tənqid edir. Hətta emosional reaksiyalar verən insanlar da var. Hər bir davranış cəmiyyət tərəfindən müşahidə olunur və qiymətləndirilir. İnsan özünü diqqət mərkəzinə gətirmək və ya sosial şəbəkələrdə məşhurlaşmaq üçün etik normalardan kənar addımlar atmamalıdır".