Magistraturaya keçid balları qalxacaq! - Bakalavrlara XƏBƏRDARLIQ
Sosial
Magistratura səviyyəsinə ixtisas seçiminə start verilib. Belə ki, bu mərhələdə bakalavrları maraqlandıran əsas məsələlərdən biri hansı ixtisaslara tələbatın daha yüksək olacağı, hansı istiqamətlər üzrə keçid ballarında artım gözlənildiyi və seçim zamanı diqqət edilməli vacib məqamlardır. Bundan əlavə, hansı ixtisasların növbəti tədris ilində populyar olacağı da diqqət çəkən məsələlərdəndir.
Mövzu ilə bağlı danışan AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, magistraturaya ixtisas seçimi zamanı bakalavrların ən çox yol verdiyi səhvlərdən biri topladıqları balı düzgün qiymətləndirməmələridir.
Onun sözlərinə görə, bir çox namizəd ixtisas seçiminə buraxıldığı üçün istənilən proqrama qəbul oluna biləcəyini düşünür:
“Bəzi bakalavrlar hesab edir ki, "onsuz da magistraturadır", "Bu balla hər yerə qəbul oluna bilərəm". Halbuki bu, ən böyük yanlışlıqlardan biridir. Bakalavr səviyyəsində abituriyentlər adətən topladıqları bala uyğun seçim edirlər. Magistraturada isə bu yanaşma çox vaxt müşahidə olunmur. Namizəd, məsələn, 52 bal toplayır və elə düşünür ki, bütün ixtisasları seçə bilər. Halbuki "Magistr" jurnalında qəbul planı, ötən ilin keçid balları və digər statistik məlumatlar var. Namizədlər mütləq bunları nəzərə almalıdırlar”.
E.Nuri qeyd edib ki, bəzi hallarda namizədlər hətta ixtisas seçiminə buraxılmaq üçün tələb olunan minimum balı toplamadan müraciət etmək istəyirlər:
“38 bal toplayan şəxs ixtisas seçimi etmək istədiyini deyir. Halbuki ixtisas seçiminə buraxılmaq üçün minimum 50 bal tələb olunur. Bu da kifayət qədər geniş yayılmış yanlış təsəvvürdür”.
Onun fikrincə, bu il magistraturaya qəbul zamanı əksər ixtisaslar üzrə keçid ballarında artım müşahidə oluna bilər.
“Düşünürəm ki, bütün ixtisaslar üzrə keçid balları müəyyən qədər yüksələcək. Birində artım daha çox, digərində isə nisbətən az olacaq. Ümumilikdə isə keçid ballarının orta hesabla 3-5 bal artması ehtimalı yüksəkdir. Magistratura üçün bu da kifayət qədər ciddi bir dəyişiklik sayılır”.
Mütəxəssis onu da əlavə edib ki, ötən il plan yerlərinin bir hissəsi boş qaldığından bu il daha çox namizəd magistraturaya müraciət edib:
“Ötən il qeydiyyatdan keçənlərin və ixtisas seçiminə buraxılanların sayı az idi. Buna görə də qəbul prosesi daha rahat keçdi və boş qalan plan yerləri oldu. Bu il isə həmin vəziyyət bir çox namizədi həvəsləndirib. Qeydiyyatdan keçənlərin sayı artdığı üçün rəqabətin də yüksələcəyini gözləyirəm”.
Ekspert magistratura səviyyəsində bu il ən çox maraq göstəriləcək istiqamətlərin də artıq formalaşmağa başladığını da vurğulayıb:
“Ən populyar ixtisaslar proqramdan və istiqamətdən asılı olaraq dəyişir. Bununla belə, iki sahəyə marağın xüsusilə artacağını demək olar. Bunlardan biri süni intellekt yönümlü magistr proqramlarıdır. Bu istiqamətdə həm yeni ixtisaslar açılır, həm də müraciətlərin sayı sürətlə artır. Digər populyar istiqamət isə MBA proqramlarıdır. Bu proqramlara maraq da ildən-ilə yüksəlir", - deyə E.Nuri qeyd edib. /Modern.az/