Mal əti ilə bağlı gözlənilməz vəziyyət: Qiymətlər dəyişdi, 1 kiolusu,..
Sosial
Azərbaycanda mal ətinin qiymətində artım davam edir. Dövlət Statistika Komitəsinin açıqladığı son göstəricilər də ötən ilin eyni dövrü ilə müqayisədə həm sümüksüz, həm də sümüklü mal ətinin bahalaşdığını göstərir. Qiymət artımı istehlakçıların gündəlik xərclərinə də təsirsiz ötüşmür.
Bəs mal ətinin bahalaşmasına hansı amillər səbəb olur? Qiymət artımının qarşıdakı dövrdə də davam etməsi gözlənilirmi?
Məsələ ilə bağlı News24.az-a danışan Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib ki, mal ətinin bahalaşmasının əsas səbəblərindən biri ölkədə heyvandarlıq təsərrüfatlarında heyvanların baş sayının azalmasıdır:
"Bu, artıq statistik göstəricilərdə də aydın görünür. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, son beş ildə Azərbaycanda həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların sayı əhəmiyyətli dərəcədə azalıb. Belə ki, 2021-ci il yanvarın 1-nə ölkədə 2 milyon 650,7 min baş iribuynuzlu mal-qara olduğu halda, 2025-ci il yanvarın 1-də bu rəqəm 2 milyon 465,6 min başa düşüb. 2026-cı il oktyabrın 1-nə isə 2 milyon 430,2 min baş təşkil edib. Beləliklə, beş il yarım ərzində iribuynuzlu heyvanların sayı təxminən 220,5 min baş və ya 8,3 faiz azalıb".
Ekspert bildirib ki, xırdabuynuzlu heyvanlarda azalma daha böyükdür. Onun sözlərinı görə, 2021-ci ilin əvvəlində ölkədə 8 milyon 89,7 min baş qoyun və keçi olduğu halda, 2025-ci ilin əvvəlində bu göstərici 6 milyon 896,5 min başa enib:
"2026-cı il oktyabrın 1-nə isə 6 milyon 735 min baş qeydə alınıb. Bu, beş il yarım ərzində təxminən 1 milyon 354 min baş və ya 16,7 faiz azalma deməkdir. Lakin heyvanların baş sayının azalmasını yalnız bir səbəblə izah etmək olmaz. Burada xəstəliklərin yayılması, otlaq və örüş sahələrinin azalması, heyvanların saxlanma və bəslənmə xərclərinin artması kimi amillər də rol oynayır. Əvvəllər heyvanların böyük hissəsi açıq otlaq şəraitində bəslənirdisə, hazırda qapalı şəraitdə saxlama və yemlə bəsləmə üsulları genişlənir. Bu isə təsərrüfatların xərclərini artırır. Məsələn, açıq otlaq şəraitində bir çoban 500 baş qoyuna qulluq edə bildiyi halda, qapalı təsərrüfat sistemində eyni əmək imkanları ilə bu qədər heyvan saxlamaq mümkün deyil. Çünki qapalı şəraitdə heyvanların yemlənməsi, təmizliyi, baytarlıq nəzarəti və gündəlik qulluğu daha çox əmək və maliyyə tələb edir. Nəticədə fermerlər bəzən təsərrüfatdakı heyvanların sayını azaltmağa məcbur olurlar".
Nəsirli qeyd edib ki, yem qiymətlərinin yüksəlməsi də ətin maya dəyərini artırır:
"Heyvanın yetişdirilməsi üçün tələb olunan yem, dərman preparatları, baytarlıq xidmətləri, əməkhaqqı və daşınma xərcləri son satış qiymətinə təsirsiz ötüşmür. Buna görə də mal ətinin bahalaşmasını yalnız tələbatın artması ilə əlaqələndirmək düzgün deyil. Burada istehsal xərclərinin yüksəlməsi və heyvandarlıq potensialının zəifləməsi də mühüm rol oynayır.
Ölkədə ət çatışmazlığı məsələsinə gəldikdə, bunu bazarda məhsulun tamamilə tükənməsi kimi deyil, yerli heyvandarlığın mövcud tələbatı qarşılamaq imkanlarının zəifləməsi kimi qiymətləndirmək lazımdır. Çünki bazarda ət məhsulları mövcuddur və tələbatın bir hissəsi idxal hesabına təmin edilir. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə ölkəyə 78,5 min ton ət idxal edilib. Bu da əvvəlki illə müqayisədə 17,5 faiz çoxdur".
İqtisadçı hesab edir ki, problemin həlli üçün heyvandarlıq təsərrüfatlarının iqtisadi dayanıqlığı artırılmalı, otlaq və örüş sahələri qorunmalı, yem istehsalı genişləndirilməli, fermerlərə güzəştli maliyyə və baytarlıq dəstəyi gücləndirilməlidir. Əks halda, heyvanların baş sayının azalması və istehsal xərclərinin yüksəlməsi davam edərsə, idxaldan asılılıq arta və bu, gələcəkdə ət qiymətlərinə əlavə təzyiq yarada bilər.