Manifestləmə gerçəkdir, yoxsa beyin oyunudur?

Manifestləmə gerçəkdir, yoxsa beyin oyunudur? Sosial

Son zamanlar sosial şəbəkələrdə “manifest” anlayışı geniş yayılıb. Bir çox insanlar "Bunu edib "manifestlədim", arzum gerçək oldu, siz də yoxlayın" deyə müxtəlif yöntəmlər təklif edirlər. İnsanlara kainata enerji və istək göndərmək, arzularına çatmaq üçün uğurlu yol olduğuna inanmağı tövsiyə edirlər.

Maraqlıdır, "manifestləmə" nədir və bu, psixoloji baxımdan necə izah olunur? İnsan düşüncə və istəkləri vasitəsilə həqiqətən kainata enerji göndərə, hadisələrin gedişinə təsir edə bilərmi, yoxsa "manifestləmə" daha çox insanın düşüncə tərzi, motivasiyası və davranışları ilə bağlıdır? Bu yanaşma elmi baxımdan nə dərəcədə əsaslandırılıb?

Bu barədə News24.az-a fikirlərini bildirən neyropsixoloq Aytəkin Aslan qeyd edib ki, “düşüncələrimiz kainata sifariş göndərmir, arzu etmək isə öz-özlüyündə heç nəyi gerçəkləşdirmir: “Amma burada diqqətəlayiq bir psixoloji həqiqət var. İnandığımızı, gözlədiyimizi və diqqətimizi nəyə yönəltməyimiz davranışlarımıza təsir edir. Davranışlarımız isə həyatımızın nəticələrini dəyişə bilər. Yəni işləyən sehr deyil, insanın öz psixoloji mexanizmləridir".

Mütəxəssis qeyd edib ki, "manifest" psixoterapiya metodu və ya elmi qanun deyil: "Populyar mənada o, əsasən «Cazibə qanunu»(Law of Attraction) ideyasına söykənir. Bu yanaşmaya görə, insanın düşündüyü və arzuladığı hadisələr müəyyən enerji vasitəsilə onun həyatına cəlb olunur. Lakin düşüncələrin kainata enerji göndərərək hadisələri gerçəkləşdirdiyini təsdiqləyən etibarlı elmi sübut yoxdur. Bununla belə, "manifest"i gərəksiz hesab etmək də düzgün olmaz. Çünki onun daxilində psixologiya ilə əlaqəli müəyyən mexanizmlər var. Yəni bu anlayış daha çox spirituallıqla əlaqələndirilsə də, onun bəzi tərəflərini psixoloji mexanizmlərlə izah etmək mümkündür. Xüsusilə diqqət, gözlənti və motivasiya bu prosesdə mühüm rol oynayır.

Təsəvvür edin, yeni avtomobil almaq istəyirsiniz və konkret bir model seçirsiniz. Bir müddət sonra küçədə həmin avtomobili hər yerdə görməyə başlayırsınız. Bu, kainatın sizə “əlamətlər” göndərməsi deyil. Sadəcə, beyniniz həmin məlumatı artıq əhəmiyyətli hesab edir və diqqətini ona yönəldir”.

Neyropsixoloqun sözlərinə görə, həyat məqsədlərimizdə də oxşar proses baş verir: “Bir məqsədə fokuslandıqda onunla əlaqəli imkanları, insanları və məlumatları daha tez fərq edə bilərik. Deməli, dəyişən kainat deyil, bizim diqqətimizdir. Dopamin və gözlənti üzərindən qeyd etmək istərdim ki, arzunu təsəvvür etmək niyə motivasiya yaradır? Dopamin beynin motivasiya, mükafat gözləntisi və öyrənmə proseslərində iştirak edən neyromediatorlarından biridir. İnsan qarşısına məqsəd qoyduqda və həmin məqsədə çatmağı təsəvvür etdikdə bu, onun motivasiyasına təsir göstərə bilər".

Neyropsixoloq qeyd edib ki, arzularınız, məsələn, daha yaxşı işdə çalışdığınızı təsəvvür etmək sizi yeni biliklər öyrənməyə, müraciətlər etməyə və imkanları araşdırmağa sövq edə bilər. Amma burada vacib bir fərq var: Nəticəni xəyal etmək nəticəyə çatmaq demək deyil. Zehni canlandırma real hazırlıq, planlaşdırma və fəaliyyətlə birləşdikdə daha faydalı olur: "Yalnız gözəl gələcəyi xəyal etmək kifayət deyil. Bəzən insan bütün diqqətini diqqətini arzuladığı nəticəyə yönəldir: uğurlu olmaq, sevilmək, yaxşı işə sahib olmaq, sağlam yaşamaq və s.. Amma həmin məqsədə gedən yolda qarşılaşacağı çətinlikləri düşünmür. Halbuki psixoloji baxımdan daha sağlam yanaşma həm arzulanan nəticəni, həm də qarşımıza çıxa biləcək maneələri görməkdir. Arzu etmək gözəldir, ümid etmək insana güc verir, gələcəyi təsəvvür etmək yolumuzu aydınlada bilər. Amma həyatımızı dəyişdirən yalnız arzuladıqlarımız deyil, seçdiklərimiz və etdiklərimizdir. Kainatdan işarə gözləməməliyik. Yəni "halva-halva deməklə ağız şirin olmur". Halvanı hazırlamaq üçün mətbəxə girmək lazımdır. Çünki gözlədiyiniz uğur da, dəyişiklik də sizin atacağınız addımların arxasındadır" .