Marketlərdə toyuq filesi niyə yoxa çıxıb? - Ekspert səbəbləri açıqladı
Sosial
Son günlər marketlərdə təzə toyuq əti, xüsusilə də toyuq filesinin tapılması çətinləşib. Alıcılar bəzi satış məntəqələrində yalnız dondurulmuş məhsulların təklif olunduğunu bildirirlər. Eyni zamanda, təzə toyuq ətinə tələbatın yüksək olması fonunda file məhsulunun qiymətində də artım müşahidə edilir. Belə ki, əvvəlki dövrlə müqayisədə qiymətlərdə nəzərəçarpacaq bahalaşma qeydə alınıb. Belə ki, bir müddət əvvəl kilosu 6,50 - 7 manat olan toyuq filesinin qiyməti hazırda 9-11 manat arasında dəyişir.
Bəs toyuq ətinin anidən belə bahalaşmasına səbəb nədir?
Məsələ ilə bağlı News24.az-a danışan qida mütəxəssisi Fərid Səfərov bildirib ki, son günlər toyuq filesinin tapılmaması daha çox tələbatın qısa müddətdə artması və təchizatın bu artımı eyni sürətlə qarşılaya bilməməsi ilə əlaqələndirilir:
"Burada bir neçə amil üst-üstə düşür. Yay mövsümünün başa çatması, insanların məzuniyyətdən qayıtması, məktəblərin açılması, ictimai iaşə və fast-food sektorunda aktivliyin artması toyuq ətinə tələbatı yüksəldib. Bundan əlavə, Bakıda keçirilən tədbirlər və turist axını da hazır qida sektorunda toyuq ətinə olan tələbi artıran amillərdən biri kimi göstərilir. Toyuq filesinə tələbatın xüsusi artmasının səbəbi isə məhsulun istehlak xüsusiyyətidir. File sümüksüz və istifadəyə hazır olduğu üçün həm evdə, həm restoran, dönərxana, pizza və digər iaşə obyektlərində daha çox tələb olunur. Toyuğun digər hissələri bazarda olsa belə, fileyə olan tələb daha sürətli artanda məhz bu məhsulun rəflərdən əvvəl çəkilməsi mümkündür".
Ekspert bildirib ki, hazırkı vəziyyəti uzunmüddətli və ciddi toyuq qıtlığı kimi qiymətləndirmək hələ tezdir:
"Digər mühüm məsələ odur ki, “marketdə file yoxdur” ifadəsi avtomatik olaraq ölkədə toyuq qıtlığı demək deyil. Problem bəzən istehsaldan çox logistika, paylama və konkret satış şəbəkəsindəki stoklarla bağlı ola bilər. Əgər istehsal, xüsusilə yem, cücə, enerji və logistika xərclərində ciddi artım baş verməzsə və istehsalçılar artan tələbatı təmin edə bilsələr, qiymətin kəskin və davamlı şəkildə yüksəlməsi üçün əsas zəifdir. Hətta istehsalçı assosiasiyası da mövcud çatışmazlığın müvəqqəti olduğunu və qısa müddətdə aradan qalxa biləcəyini açıqlayıb".
Ekspertin sözlərinə görə, pərakəndə satış qiyməti yalnız istehsal qiymətindən formalaşmır:
"Tələb yüksək qalarsa, marketlərin alış qiyməti, logistika, soyuducu zəncir, emal və qablaşdırma xərcləri, həmçinin ticarət marjası da son qiymətə təsir edə bilər. Buna görə ayrı-ayrı mağazalarda qiymət artımı davam edə bilər, lakin bunu avtomatik olaraq bütün bazarda davamlı bahalaşma kimi qəbul etmək düzgün olmaz. Hazırda müşahidə olunan əsas problem daha çox toyuq filesinə artmış tələbat və müvəqqəti təchizat çatışmazlığı təsiri bağışlayır. Əgər istehsal və təchizat normallaşarsa, marketlərdə file qıtlığının azalması və qiymətlərin sabitləşməsi gözlənilə bilər. Əksinə, qarşıdakı aylarda yem və digər istehsal xərcləri yüksələrsə, quşçuluq təsərrüfatlarında xəstəliklər və ya idxal-təchizat problemləri yaranarsa, bu artıq qiymətlərə daha ciddi təzyiq göstərə bilər".