Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür - DİM sədri

Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür - DİM sədri Sosial

Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür.

News24.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Baku TV" televiziya kanalına birgə müsahibəsində bildirib.

DİM sədrinin sözlərinə görə, mərkəzləşdirilmiş qiymətləndirmə eyni standartlara əsaslanır və bütün şagirdlər eyni şəraitdə eyni suallara cavab verirlər. Məktəbdaxili qiymətləndirmə isə daha çox müqayisəli xarakter daşıyır:

"Şagirdlərin illik qiymətləri və fənlər üzrə məktəb qiymətləndirmələri mövcuddur. Lakin ali məktəblərə qəbul zamanı əsas götürülən göstərici buraxılış imtahanlarının nəticələridir. Siz bilirsiniz ki, buraxılış imtahanlarının nəticələri qəbul imtahanlarının nəticələri ilə birlikdə müsabiqədə əsas meyar kimi nəzərə alınır. Ölkə üzrə aparılan mərkəzləşdirilmiş qiymətləndirmə eyni standartlara əsaslanır və bütün şagirdlər eyni şəraitdə eyni suallara cavab verirlər. Məktəbdaxili qiymətləndirmə isə daha çox müqayisəli xarakter daşıyır. Məsələn, müəllim sinif daxilində ən yaxşı nəticə göstərən şagirdə yüksək qiymət verə bilər və bu, normal bir yanaşmadır. Lakin məktəb qiymətləri ilə imtahan nəticələri arasında çox zaman tam uyğunluq olmur. Buna baxmayaraq, biz hər il bu müqayisəli cədvəlləri dərc edirik. Məsələn, məktəbdə “5” alan şagirdlərin buraxılış və qəbul imtahanlarında hansı nəticələr göstərdiyi təhlil olunur. Bu təhlillər göstərir ki, məktəblərdə qiymətləndirmə sistemi müəyyən fənnlərdən get-gedə düzgün aparılır".