Məktəblərdə gender balansı: Kişi direktorlar haradadır?

Məktəblərdə gender balansı: Kişi direktorlar haradadır? Sosial

Tez-tez məktəb direktorlarının əksəriyyətinin qadın olduğu iddia olunur və bu mövzu ətrafında geniş müzakirələr aparılır. Xüsusilə məktəblərdə neqativ hallar, şagirdlər arasında aqressiv davranışlar müşahidə edildikdə, ekspertlər, eləcə də valideynlər oğlanların tərbiyəsində kişi müəllim və direktorların rolunun vacibliyinə diqqət çəkirlər. Bəs bu iddianın həqiqət payı nə qədərdir, Azərbaycan məktəblərinin neçə faizində direktor qadındır və gender balansı təhsil prosesinə necə təsir edir?

Mövzu ilə bağlı News24.az-a danışan təhsil eksperti İlqar Orucov bildirib ki, direktor təyinatı peşəkarlıq və idarəçilik bacarıqlarına əsaslanır:

"Azərbaycanda təhsil müəssisələrinə direktor təyinatı Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə əsasında həyata keçirilir. Son dəyişikliklərə əsasən, direktor vəzifəsinə işə qəbul prosesi təkmilləşdirilib. Hazırda proses elektron müraciət mərhələsi ilə müsahibə mərhələsindən ibarətdir. Namizədlər pedaqoji və ya idarəetmə ixtisası üzrə ali təhsilə malik olmalı, ən azı 5 il pedaqoji staja sahib olmalıdırlar. Elmi dərəcə və ya elmi ada malik olanlar üçün minimum staj tələbi 3 ildir. Müsahibə zamanı namizədlərin liderlik, qərarvermə, stressə davamlılıq, dəyişiklikləri idarə etmə və etik davranış kimi idarəçilik bacarıqları qiymətləndirilir".

Azərbaycan məktəblərində direktorların əksəriyyətinin qadın olması məsələsinə gəlincə, ekspert bildirib ki, statistik göstəricilər bunu tam təsdiqləmir:

"Məlumatlara görə, ümumtəhsil məktəblərində direktorların təxminən 36%-ni qadınlar təşkil edir. Bu isə kişi direktorların sayının daha çox olduğunu göstərir. Lakin Bakı və digər böyük şəhərlərdə qadın direktorların payı yüksəkdir və bu tendensiya artmaqdadır. Böyük və nüfuzlu məktəblərdə qadın rəhbərlərin çoxluğu ictimai rəyə təsir edərək, ümumi mənzərə barədə fərqli təsəvvür yaradır".

O əlavə edib ki, təhsil sahəsində çalışanların 80%-dən çoxunu qadınlar təşkil edir və bu, rəhbər vəzifələrə namizəd potensialına da təsir göstərir:

"Nəticədə qadınların çoxluğu idarəetmə pillələrində də özünü göstərir. Bununla belə, son illərdə kişilərin müəllimliyə marağında müəyyən artım müşahidə olunur. Müstəqilliyin ilk illərində sosial-iqtisadi səbəblərdən ailənin əsas təminatçısı rolunu daşıyan kişilər daha gəlirli sahələrə yönəlirdilər və bu, təhsildə gender balansına təsir edirdi. Son dövrdə müəllimlərin əməkhaqqının artırılması, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi və sahəyə münasibətdə sabitliyin formalaşması kişilərin də bu peşəyə marağını qismən bərpa edib".

İlqar Orucov təhsil sistemində gender balansının roluna da diqqət çəkib:

"Direktor seçimi və müəllimlərin işə qəbulu prosesi gender fərqi qoyulmadan, bərabər rəqabət prinsipi əsasında həyata keçirilir. Süni müdaxilə və ya inzibati üsullarla balansın dəyişdirilməsi mümkün deyil. Əsas meyar peşəkarlıq və uyğunluqdur. Mövcud dinamika göstərir ki, sosial təminatın yaxşılaşması fonunda gələcək illərdə kişilərin həm müəllimlik, həm də idarəetmə vəzifələrinə marağı arta bilər. Bu isə təhsil sistemində daha tarazlı gender təmsilçiliyinin formalaşmasına zəmin yarada bilər".

Gülçin Abdullayeva