Məktəblərlə bağlı yeni qərar: 2027-ci ildən qüvvəyə minir

Məktəblərlə bağlı yeni qərar: 2027-ci ildən qüvvəyə minir Sosial

Dövlət ümumi təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib. 2026/2027-ci tədris ilindən mərhələli şəkildə tətbiq olunacaq bu mexanizm çərçivəsində hər bir şagirdə düşən illik təhsil xərcləri hesablanacaq və təhsilin səviyyəsinə uyğun artım əmsalları tətbiq ediləcək.

Bəs yeni maliyyələşmə modeli məktəblərin büdcəsinə və təhsilin keyfiyyətinə necə təsir göstərəcək? Bu dəyişiklik şagirdlər və təhsil müəssisələri üçün hansı yeniliklər vəd edir?

Məsələ ilə bağlı News24.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, ümumtəhsil məktəblərinin maliyyələşdirilməsi indiyədək olduğu kimi, bundan sonra da dövlətin üzərinə düşən əsas öhdəliklərdən biri olaraq qalacaq:

"Yeni qərar məktəblərə ayrılan vəsaitin müəyyənləşdirilməsi mexanizminin dəyişdirilməsini və maliyyələşmənin şagird sayına uyğunlaşdırılmasını nəzərdə tutur. İndiyədək məktəblərin maliyyələşdirilməsi ilə bağlı müzakirələr zamanı xüsusilə regionlarda fəaliyyət göstərən kiçik məktəblərin saxlanılması üçün çəkilən xərclərin yüksək olması məsələsi gündəmə gətirilib. Bəzi hallarda şagird sayı az olan məktəblərə düşən xərc böyük məktəblərlə müqayisədə daha çox olur. Yeni mexanizmin tətbiqi isə təhsil müəssisələrinə ayrılan vəsaitin daha sistemli şəkildə hesablanmasına imkan yarada bilər".

Ekspert qeyd edib ki, yeni qaydalarda ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə maliyyələşmənin fərqləndirilməsi nəzərdə tutulur:

"Belə ki, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində hər bir şagirdə düşən illik təhsil xərcləri müəyyən ediləcək və müvafiq artım əmsalları tətbiq olunacaq. Bununla da məktəblərə ayrılacaq vəsaitin hesablanmasında şagird sayı ilə yanaşı, təhsilin səviyyəsi də nəzərə alınacaq. Burada əsas məqsəd məktəblərin ehtiyaclarının daha dəqiq müəyyənləşdirilməsi və büdcə vəsaitlərinin bölüşdürülməsində yeni yanaşmanın tətbiqidir".

Onun fikrincə, maliyyələşmənin şagird sayına uyğun aparılması təhsil müəssisələrinin hansı həcmdə vəsaitlə təmin olunacağını daha aydın şəkildə müəyyənləşdirməyə kömək edə bilər.

"Ayrılan vəsait məktəblərin gündəlik fəaliyyətinin təmin olunması, texniki avadanlıqların yaxşılaşdırılması, infrastrukturun inkişafı və tədris prosesinin təşkili ilə bağlı ehtiyacların qarşılanmasında əhəmiyyətli rol oynaya bilər. Bu baxımdan, hər bir məktəbin şagird sayı və müvafiq maliyyələşmə göstəriciləri nəzərə alınmaqla resursların bölüşdürülməsi nəzərdə tutulur. Yeni sistemin tətbiqi məktəblərin maliyyə təminatının daha planlı şəkildə həyata keçirilməsinə şərait yarada bilər. Bununla belə, mexanizmin real nəticələri onun praktikada necə tətbiq olunacağından, məktəblərin ehtiyaclarının nə dərəcədə nəzərə alınacağından və ayrılan vəsaitlərin hansı istiqamətlərə yönəldiləcəyindən asılı olacaq".