Mənzil qiymətləri ilə bağlı mühüm xəbər: Qiymətlər artacaq?
Sosial
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, mənzil və obyektlərini icarəyə verən fiziki şəxslər üçün yeni vergi mexanizminin tətbiqi nəzərdə tutulur. Yenilik 1 yanvardan qüvvəyə minərsə, əmlak sahibləri vergi hesablanması zamanı iki fərqli üsuldan birini seçə biləcəklər.
Bəs yeni vergi qaydaları əmlak sahiblərinin xərclərinə və gəlirlərinə necə təsir edəcək? İcarəyə verənlər artan vergi yükünü kirayəçilərin üzərinə yönəldə bilərlərmi? Bu dəyişikliklər mənzil və obyektlərin kirayə qiymətlərində artıma səbəb olacaqmı?
Məsələ ilə bağlı News24.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, kirayə gəlirlərinin vergiyə cəlb olunması ilə bağlı iki alternativ mexanizmin təklif edilməsi vətəndaşlara seçim imkanı yaradılması baxımından müsbət yanaşmadır. Onun sözlərinə görə, vətəndaşlar kirayə gəlirlərindən 10 faiz vergi ödəmək və ya xərclər çıxıldıqdan sonra mənfəətin 20 faizini vergi kimi ödəmək arasında seçim edə biləcəklər:
“Burada vətəndaş özü üçün hansı variantın daha əlverişli olduğunu müəyyənləşdirməlidir. Mənzili kirayə verən şəxs üçün gəlirin 10 faizinin vergi tutulması daha sərfəli ola bilər. Digər tərəfdən, xərclər çıxıldıqdan sonra 20 faiz vergi ödəmək də bəzi hallarda daha uyğun variantdır. Çünki mənzilin amortizasiya xərcləri, kirayəçilər dəyişdikdə aparılan təmir işləri və digər məsrəflər nəzərə alınmalıdır. Bu xərclərin gəlirdən çıxılması vətəndaşın maraqlarına daha uyğun ola bilər”.
Ekspert bildirib ki, yeni yanaşma yalnız vergi mexanizminin dəyişməsi ilə məhdudlaşmır:
"Kirayə mənzillərdə yaşayan şəxslərin də qeydiyyatının aparılması və onların fərdi məlumatlarının sistemə daxil edilməsi nəzərdə tutulur. Bu isə hökumətin kirayə bazarında biznes fəaliyyətinin rəsmiləşdirilməsi istiqamətində addımlar atdığını göstərir. Bu tədbirlər vergidən yayınma hallarının qarşısının alınması və kirayə fəaliyyəti ilə məşğul olan şəxslərdə vergi ödəmə mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətlidir.
Ekspertin fikrincə, bu sahədə biznes marağı olan vətəndaşların dövlət büdcəsinə vergi ödəməsi vacibdir:
"Eyni zamanda, kirayə münasibətlərinin rəsmi müqavilə əsasında qurulması həm ev sahibinin, həm də kirayəçinin hüquqlarının qorunmasına xidmət edir. Dəyişikliklər qüvvəyə mindikdən sonra müqaviləsiz və qeyri-rəsmi kirayə fəaliyyətinin məhdudlaşdırılması, eləcə də monitorinq və maarifləndirmə tədbirlərinin aparılması gözlənilir. Əsas məqsəd kirayə bazarında qeyri-rəsmi fəaliyyətin qarşısını almaq, münasibətləri şəffaflaşdırmaq və vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməkdir.".