Milli kimliyimizdə dilimizin rolu: Azərbaycan dilinin mədəniyyət missiyası - Araşdırma

Milli kimliyimizdə dilimizin rolu: Azərbaycan dilinin mədəniyyət missiyası - Araşdırma Sosial

Əlisafa Mehdi

BDU-nun jurnalistika fakültəsinin “Yeni Media və Kommunikasiya Nəzəriyyəsi Kafedrasının müəllimi

Ölkə vətəndaşlarının tarixi yaddaşını, maddi-mədəni irsini, dünyagörüşünü, sosial davranış modellərini, fenotipini görkə gətirən mürəkkəb sosial-mədəni özəllik Milli Kimlik deməkdir. Bu isə özlüyündə forma tapmış xüsusi bir sistemdir. Bu sistemin əsas ifadə daşıyıcısı dildir. Ayrıca götürülmüş Dil – kommunikasiya vasitəsi olaraq toplum yaddaşının qoruyucusu, özgür mədəni kodların ötürücüsü və beləliklə, milli identikliyin formalaşdırıcı mexanizmidir.

Milli kimliyin ifadəsində Dilin mövqeyi humanitar elmlərdə geniş araşdırılır. Tanınmış alman filosof və dilçi alim Vilhelm fon Humboldt dilin milli düşüncə sistemindəki rolunu belə ifadə edirdi: “Dil xalqın ruhudur, xalqın ruhu isə onun dilidir”. Bir sözlə, dil eləcə ünsiyyət sürəsində xalqın dünyanı dərk etməsinin modelləşmiş mədəni sistemidir.

Türk dili əsasında formulə olunmuş danışığımız Azərbaycan coğrafiyasında yaşayan toplumu xalqlaşdırmaqla milli kimliyimizi təyin etmişdir. Olub-keçənlərin ayrı-ayrı dönəmlərində Azərbaycan cəmiyyəti fərqli siyasi və mədəni təsirlərlə üzləşsə də, dil milli varlığın qorunmasında və qalxınmasında ən önəmli amillərdən biri olmuşdur. Bu baxımdan deməliyik ki, Azərbaycan dili filoloji fenomen olaraq milli-mədəni özgürlüyün dayaqlarını bərkidən əsasdır.

Milli kimliyin təyinatında Dil fenomeninin nəzəri baxışlarına görə çağımızın sosiologiya və kulturologiyası dili milli özəlliyin əsas indikatorlarından biri hesab edir. Ona görə ki, Dil insanların sosial birlik diyğusunu gücləndirir, toplum ağılının formalaşmasının örnəyi olur.

Dilçi alimlər dilin kommunikasiya vəzifəsindən dolayı, həm də mədəni və siyasi funksiyalarını qiymətləndirirlər. Amerikalı dilçi-antropoloq Edvard Sapir yazırdı: “Dil sosial gerçəkliyin şərh olunmasının əsas vasitəsidir.” Onun düşüncəsinə görə, insanlar dünyanı birbaşa deyil, dillərinin yaratdığı semantik strukturlar vasitəsilə dərk edirlər. Bu yanaşma göstərir ki, dil milli düşüncə sisteminin formalaşmasında mühüm rol oynayır.

Digər tanınmış alim Benedikt Anderson isə milli kimliyi “təsəvvür edilən siyasi icma” kimi xarakterizə edərkən dilin birləşdirici funksiyasını ortaya qoymuş olur. Onun fikrincə, ortaq dil milli toplum ağlının formalaşmasına və cəmiyyət üzvləri arasında mənəvi bağların yaranmasına şərait yaradır.

Dilin vasitəsilə təkcə gündəlik xəbərləşmə deyil, həm də dəyərlər sistemi, etik normalar, dünyagörüşü ötürülür. Bu səbəbdən dil milli kimliyin əsas struktur elementlərindən biri olaraq mədəni özünəxaslığı formalaşdırır.

Bu nəzəri yanaşmalar göstərir ki, dil yalnız ünsiyyət vasitəsi deyil; o, milli kimliyin dolğunlaşdırılma­sında mühüm ideoloji və mədəni mexanizmdir.

Deyilənlərdən çıxış edərək nəzəri baxışlarımızı belə ərsəyə gətirə bilərik. Türk dilinin özəlliyini daşıyan Azərbaycan dili toplumun xarakterinin formalaşmasında xüsusi mexanizmdirsə, başqa dillərdən fərqini araşdırmalı, xüsusiy­yət ayrıcalığını önə gətirməliyik. Belə ki, türk dili iltisaqidir, yəni sözün kökü dəyişmir. Yeni mənalar əsas kökə qoşulmaqla yeni mənalar yaradır. Və bu özünü toplum düzənində də ortaya qoyur – ənkənin (valideynin), idarəedənin, Xaqanın təyin etdikləri yasaların, qayda­ların, buyruqların kökünün dəyişmədiyini, sonrakıların isə ona qoşulduğunu toplum düşüncəsində oturda bilir. Beləliklə elin dil-düşüncə modelini formalaşdırır. Yuxarıda adı keçən alimlərin nəzəriyyələrinə görə:

insan dünyanı dilinin strukturu vasitəsilə qavrayır.

dilin qrammatik quruluşu və kateqoriyaları düşünmə tərzinə, sosial davranış modellərinə təsir edir.

dilin strukturu xalqın düşünmə üsulunu formalaşdırır

beləliklə, fərqli dillər ayrı-ayrılıqda kollektiv düşüncə matrisi olmaqla özünəməxsus dünya baxışı (Weltansicht) yaradır. Başqa sözlə, bir toplumun dili başqa çeşidli dünya qavramı yaradır.

Vilhelm von Humboldt da belə deyir: “Dil xalqın ruhunun zahiri formasıdır.”

Daha geniş izah etsək:

İltisaqi (agglutinativ) quruluşda olan türk diliində kök dəyişmir, şəkilçilər sözün ardına qoşulur, ön şəkilçi olmur. Bu struktur o dildə düşünən cəmiyyətdə sabit mərkəz + əlavə qatlar modeli yaradır.

Bu model sosial şüura belə çözümləmə edə bilər:

Dil quruluşu

Sosial tutuşdurma

dəyişməyən kök ənənə, qanun, xaqanlıq

şəkilçilər yeni qaydalar, əlavələr

struktur sabitliyi toplumun normativ sabitliyi

Bunları dəqiqləşdirərək deyə bilərik ki, dilin morfoloji quruluşu toplumun siyasi idarəetmə örnəyinin qurulmasına yol açır. Bu artıq linqvistik strukturun siyasi-mədəni metaforasıdır.

Klassik dilçilik dilin bu fenomenini heç vaxt siyasiləşdirməyib – “Agglutinativ dil strukturu mərkəzi kök + əlavələr → siyasi-normativ sabitlik modeli” mövzusu sosial ağıl bazasına gətirilməyib.

Bu postulat mədəni-siyasi dil fəlsəfəsi olaraq, nə qədərsə böyük türk düşünürü Ziya Gökalp-in dil-millət əlaqəsi fikirləri və müasir linqvistik antropologiya ilə səsləşir, türk dili morfologiyasından siyasi model çıxarmağa əsas verir.

Azərbaycan dilinin tarixi və mədəni funksiyası isə öyrənmə bazası olaraq akademik səviyyədə işlənib. Azərbaycan dili xəbərləmə mexanizmindən qalxınaraq , mədəniyyətin yüzillər boyu təşkiledici ifadəsi olmuş, yaşamın bütün yöntəmlərində özünəxas el düşüncəsi qurmuşdur. Bu dillə Azərbaycan xalqı öz tarixi yaddaşını qorumuş, mədəni irsini formalaşdırmış, sosial münasibətlər sistemini yaratmışdır.

Azərbaycan dilində formalaşmış xalq hikmətləri toplumun dünyagörüşünü, həyat təcrübəsini, etik prinsiplərini, qəhrəmanlıq ənənələrini, sosial dəyərlərini gələcək torəklərə ötürmüşdür. Minillərin arxasından gələn atalar sözləri, bayatılar, laylalar, holavarlar... aşıq, ozan, akın qoşquları... daşlara yazılan abidə tarix... dilimizi daha da barlandırmışdır.

Folklor və epik irsimiz dilimizin mədəni missiyasını dastanlarda, nağıllarda çox qabarıq boyalarla göstərir. Kitabi-Dədə Qorqud dastanı həm ədəbi abidə, həm də türk dünyasının sosial, mənəvi və siyasi düşüncə sistemini öyrədən mühüm tarixi qaynaqdır.

Tarixi faktlar – vətənqurma gedişində, savaşlar sürəsində davranışlar incələndikcə dilin iltisaqi yöntəminə, qrammatik quruluşuna və kateqoriyalarına uyğun olaraq dünyanın qavranılması, düşünmə tərzinə, eltörəyə, yasalara, sosial davranış modellərinə tabeçiliyi özünəxaslığı ortaya çıxarır.

Azərbaycan ədəbi dilinin inkişafında klassik ədəbiyyat xüsusi rol oynayıb. Nizami Gəncəvi öz əsərlərini qədim daricə yazsa da türklərə məxsus tolerant – bəşəri, insansevər düşüncə yönünü sərgiləmişdir.

İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Qazi Bürhanəddin, Abbas Tufarqanlı, M.P.Vaqif, Qasım bəy Zakir... kimi ustadların yaratdığı poetik irs Azərbaycan coğrafiyasında yer tutan milli düşüncə sisteminin qurulmasında türk dilllinin önəmli memarlıq həllini yekunlaşdırmışlar.

Xalqın mənəvi dəyərləri, sosial münasibətləri yönündə Azərbaycan dilli bugün musiqi, teatr, kino sənəti sahələrində mədəniyyətin əsas ifadə vasitəsi kimi milli estetik düşüncənin dolğun daşıyıcısıdır.

Bu baxımdan Azərbaycan dili xalqın mədəni həyatının bütün sahələrində əsas rol oynayaraq, milli mədəniyyətin nəinki qorunmasında, həm də elmi özünüifadə yetənəkliyini təmin etmədə əsas vasitələrdən biri kimi ərsəyə gəlmişdir.

Bir sözlə, Azərbaycan dilinin formalaşması və yetənəklik qazanması uzun zamanların gəlmiş-keçmiş çabalarının qazancıdır. Bu dil türk dilləri ailəsinin görklü törəyi olmaqla yanaşı, regionun zəngin mədəni və tarixi təsirlərini də özündə qoruyub gələcəyə yürüdən xəzinədir.

Dövlətçilik və dil siyasətinin önəmi ulkan ölkə quruculuğu gedişində ideoloji yetənəkliyin özəyi kimi dəyərləndirilir. Dövlət dili statusu hüquqi norma olaraq milli mədəniyyətin qorunması strategiyasını sərgiləyir, milli kimliyin oturuşmasına xidmət edir.

Konstitusiya ilə dövlət dili olan Azərbaycan dilinin milli kimliyimizdə rolunu bərkitmək, onun mədəniyyət missiyasını zənginləşdirmək istəyi ilə çeşidli layihələr və dövlət proqramları gerçəkləşdirilmişdir. Azərbaycan dili Elmlər Akademiyasında institusional qatda öyrənilir. Dövlət dili haqqında qanunların qəbul edilməsi, terminoloji siyasətin formalaşdırılması, dilin təhsil sistemində möhkəmləndirilməsi bu siyasətin əsas hədəfini təşkil edir.

Bu yanaşma milli təhlükəsizlik və dövlətçilik məsələsi kimi qavranılır. Bu hədəfdə Heydər Əliyevin bir xitabı dilçilik tapşırığının devizi kimi səslənir: “Azərbaycan dili bizim milli sərvətimizdir və onu qorumaq hər bir vətəndaşın borcudur.”

Çünki dil idarəetmə üçün eləcə hüquqi status deyil, simvolik hakimiyyət mexanizmidir; legitim ideyaların, dəyərlərin və hakimiyyət münasibətlərinin dil vasitəsilə formalaşdığı ünsiyyət prosesidir. Bu da özlüyündə sosial gücü ortaya qoyur, beləliklə dövləti olan toplum dil üzərindən millət olur.

Çağımızın geosiyasi gerçəkliyində dil siyasəti informasiya təhlükəsizliyinin özəyidir. Başqa yöndən baxsaq, terminoloji xaos və ya yad dillərdən gələn qarmaşıq danışığın çoxalması milli şüurun qırılmasını, dağılmasını görkə gətirir.

Çünki dil informasiya savaşının döyüş səhnəsidir. Alınan terminlər olayların qavrayışında yetənəkli olmur, toplum yad mənaları asancasına alqılaya bilmir.

Dil siyasətində termin yaratma bacarıqları olmalıdır. Çünki terminlər yalnız anlayışları deyil, düşüncə çərçivələrini də müəyyən edir. Termin yaradıcılığı ideoloji özgürlüyü arındırır. Burada hərfi tərcümə yox, məzmun qarşılığı axtarılır.

SSRİ dövründə dil siyasəti “Sovet Xalqı” çətiri altında ruslaşma basqısı idi. Dövlətimiz qurulandan bəri dilimizdə xeyli arınma-durulma gerçəkliyinə göz yuma bilmərik. Ancaq bunun örnəyi institutlaşdırılmalıdır.

Dünya təcrübəsi göstərir ki, dövlət dili siyasəti milli dövlət quruculuğunun ayrılmaz komponentidir. Fransa dilin qorunması siyasətini yürüdür, Türkiyə zamanla dil islahatları edir, İsrail ivriti dirçəldir, Rusiya sınırlarından qıraqda rus dili məktəblərinə milyonlarla pul xərcləyir, İran qanlar bahasına qondarma fars dili qoruyur...

Çünki dil → düşüncə → kimlik → legitimlik → dövlətçilik → geosiyasi söz yiyəsi olma deməkdir.

Bir daha deyək, Azərbaycan dilinin dövlət dili kimi bərkidilməsi, arındırılması, zənginləşdirilməsi təkcə mədəni siyasət deyil, həm də milli təhlükəsizlik, ideoloji dayanıqlıq, dövlətçiliyin davamlılığı deməkdir.

Çağımızın “qloballaşma” qaçılmazlığı bayaqdan çözdüklərimizin sürəsində bizə kəskin çağırışlar edir.

Qloballaşma və xəbərləmə texnologiyalarının iti-iti genişlənməsi milli dillər qarşısında keyfiyyətcə yeni ev tapşırıqları qoyur. Rəqəmsal kommunikasiya mühitində dil qarşılıqlı xəbərləmə dövriyyəsinin başlıca vasitəsi kimi çıxış edir. Bu baxımdan, xalqlararası söz alış-verişi sosial-mədəni yontəmlə siyasi-texnoloji gedişlər açmışdır.

Tədqiqatçı Manuel Castells “şəbəkə cəmiyyəti” konsepsiyasında göstərir ki, informasiya axınlarını idarə edən dillər qlobal təsir imkanlarını da müəyyən edir. Bu o deməkdir ki, rəqəmsal mühitdə dominant olmayan dillər yavaş-yavaş küncə sıxışdırıla bilər.

Çağdaş rəqəmsal meydanlarda aparılan izləmələr göstərir ki, sosial media mühitində dilin normativ qaydalarından kənar istifadə halları artmaqdadır. Xüsusilə qısaldılmış formalar, transliterasiya və xarici leksik vahidlərin nəzarətsiz şəkildə daxil olması dilin struktur bütövlüyünə təsir göstərir. Bu prosesi David Crystal “internet dilinin hibridləşməsi” kimi xarakterizə edir.

Bununla belə, qloballaşma risklərlə yanaşı yeni imkanlar da yaradır. Rəqəmsal texnologiyalarla milli dillərin korpuslarının yaradılması, elektron kitabxanaların genişlənməsi, onlayn təhsil resurslarının yenilənməsi dilin başarılıq qatlarını artırır. Bu anlamda, dilin rəqəmsal mühitdə oluşu onun yaşama bacarıqlarının başlıca göstəricilərindən biri olur.

Məsələn, UNESCO-nun araşdırmalarında yazılır ki, rəqəmsal platformalarda görükməyən dillər uzunmüddətli gedişdə zəifləmə riski ilə üz-üzə qalır. Bu baxımdan, dilin rəqəmsallaşdırılması artıq mədəni deyil, strateji məsələ kimi qiymətləndirilir.

Bu gerçəkliklər üfiqində Azərbaycan dilinin qorunması, qalxınması yalnız normativ qaydaların saxlanılması ilə məhdudlaşmamalı, həm də onun rəqəmsal ekosistemdə aktiv iştirakını təmin etməlidir. Dil siyasəti sosial media, süni intellekt, rəqəmsal məzmun becərilməsi, terminoloji standartlaşdırma kimi sahələri əhatə edən kompleks strategiya formasında qurulmalıdır.

Sonuc olaraq deyək, çağımızın sürəsində dil strategiyası klassik mədəniyyət siyasətindən çıxaraq informasiya qoruculuğu və milli dayanıqlıq istəyi yaratmışdır. Azərbaycan dilinin rəqəmsal mühitdə bərkidilməsi milli kimliyin qorunması ilə yanaşı, ölkənin qlobal informasiya məkanında subyekt kimi iştirakını təmin edən əsas şərtlərdən biridir.

Bu baxımdan Azərbaycan dilinin qorunması və inkişafı üçün dil siyasətinin müasir kommunikasiya mühitinə uyğunlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Nəticə etibarilə, dil milli kimliyin ifadə vasitəsi olmaqla yanaşı, dövlətçilik sisteminin ideoloji və funksional əsas komponentlərindən biri kimi çıxış edir. Bu məzmunda Dil kommunikativ alət olmaqla yanaşı, həm də kollektiv yaddaşın strukturlaşdırıcı mexanizmi və legitimlik istehsal edən simvolik resurs kimi dəyərləndirilməlidir.

Gələn-keçən yenilənmə qızğınlığı göstərir ki, Azərbaycan dili ayrı-ayrı siyasi rejimlər, ideoloji təpkilər şəraitində milli-mədəni eltörənin, yasaların, qaydaların, qanunların qorunmasını saxlayan başlıca daşıyıcı yükümlüsü olmuşdur. Klassik ədəbiyyat və xalq yaradıcılığı örnəkləri bu dilin həm estetik, həm də kimlik qurub yaşadan düzən olduğunu gerçəkləşdirir.

Çağımızın qloballaşma və rəqəmsallaşma şəraitində isə dilin işləklik başarıları daha da genişlənərək bilgi ötürmə səhnəsində özünəxas yer tutmaq, diskurs (iradlar-iddialar) üzərində ərki qazanmaq, milli qazanc təpərini bəsləmək kimi strateji yönləri bürüyür. Bu baxımdan dil siyasəti artıq filoloji çərçivədən çıxaraq milli qorxusuzluq, bilgi alış-verişi özərliyi və ideoloji dayanıqlıq məsələləri ilə birbaşa bağlı olan toplu idarəetmə sahəsi oluşdurur.

Bu mənada Azərbaycan dilinin qorunması və qalxınması gedişi eləcə normativ qaydaların saxlanılması ilə qısıtlanmamalı, onun rəqəmsal ekosistemdə funksional gücünün artırılması, terminoloji suverenliyinin təmin edilməsi və institusional səviyyədə söykək olmaq yönündə, düzənli şəkildə gerçəkləşdirilməlidir.

Beləliklə, dil–düşüncə–kimlik–dövlətçilik zənciri düzənində Azərbaycan dili milli varlığın qorunması ilə yanaşı, dövlətin ideoloji bütövlüyünü və geopolitik subyektliyini təmin edən bünövrəli amil kimi çıxış edir.

Təkliflər:

Azərbaycan dilinin mədəni missiyasının daha effektiv şəkildə həyata keçirilməsi üçün aşağıdakı istiqamətlərdə fəaliyyət məqsədəuyğun hesab edilə bilər:

1. Təhsil sistemində dil mədəniyyətinin gücləndirilməsi

Məktəblərdə və ali təhsil müəssisələrində dil mədəniyyəti, üslubiyyat və nitq mədəniyyəti üzrə dərslərin genişləndirilməsi vacibdir.

2. Rəqəmsal mühitdə Azərbaycan dilinin mövqeyinin gücləndirilməsi

Elektron media və sosial platformalarda Azərbaycan dilinin normativ istifadəsini təşviq edən proqramlar hazırlanmalıdır.

3. Terminoloji siyasətin sistemləşdirilməsi

Elm və texnologiyanın inkişafı ilə bağlı yeni terminlərin Azərbaycan dilində qarşılıqlarının yaradılması istiqamətində sistemli model qurulmalıdır.

4. Media institutlarının məsuliyyətinin artırılması

Televiziya, radio və onlayn media dil mədəniyyətinin qorunmasında aktiv rol oynamalıdır.

5. Azərbaycan dilinin beynəlxalq mədəni platformalarda təşviqi

Azərbaycan dilində ədəbiyyatın və mədəni məhsulların dünya dillərinə tərcüməsi və yayılması genişləndirilməlidir.

Məqalə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyinin həyata keçirdiyi “Dilimizin milli kimliyimizdə rolu: Azərbaycan dilinin mədəniyyət missiyası” layihəsi çərçivəsində hazırlanmışdır.

Milli kimliyimizdə dilimizin rolu: Azərbaycan dilinin mədəniyyət missiyası - Araşdırma