Milyonlar ayrılır, amma qüsurlu dərsliklər hazırlanır - Deputat

Milyonlar ayrılır, amma qüsurlu dərsliklər hazırlanır - Deputat Sosial

Dərsliklərin hazırlanması və nəşrinə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı parlamentə ətraflı və şəffaf hesabatların təqdim olunmasına ehtiyac var.

News24.az xəbər verir ki, bunu Milli Məclisin üç komitəsinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Elnarə Akimova deyib.

O bildirib ki, televiziya kanallarında və sosial şəbəkələrdə dərsliklərdəki ciddi məzmun qüsurları, texniki yararsızlıqlar müzakirə olunur, valideynlər, müəllimlər və mütəxəssislər bu məsələdən narahatlıqlarını ifadə edirlər.

Deputatın fikrincə, aidiyyəti qurumlar, xüsusilə Elm və Təhsil Nazirliyi bu tənqidlərə adekvat reaksiya verməli, sağlam izahat təqdim etməli və problemlərin həllinə yönəlmiş mövqe ortaya qoymalıdır.

E.Akimova vurğulayıb ki, dərsliklərin hazırlanması, nəşri və təkmilləşdirilməsi üçün hər il dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Bu baxımdan ortaya çıxan nöqsanlar həmin vəsaitlərin nə dərəcədə səmərəli və məqsədyönlü xərcləndiyi məsələsini də gündəmə gətirir.

“Əgər ayrılan milyonlarla manat vəsait nəticəsində cəmiyyətdə haqlı etiraz doğuran, qüsurlu və səthi mətnlərlə dolu dərsliklər ortaya çıxırsa, deməli, haradasa ciddi nəzarət boşluğu var və bu vəsaitlər daha səmərəli, daha məqsədyönlü xərclənməlidir”, – deputat bildirib.

O qeyd edib ki, dərsliklər yalnız tədris vəsaiti deyil, həm də uşaqlara düzgün tarixi, milli kimliyi və ana dilini aşılayan, dövlətin milli-mənəvi dəyərlərinin qorunmasına xidmət edən strateji əhəmiyyətli vasitədir.

Deputatın sözlərinə görə, təhsilə ayrılan hər manat dövlətin gələcəyinə qoyulan sərmayədir. Buna görə də dərsliklərin keyfiyyəti və məzmunu ümummilli məsələ kimi qiymətləndirilməlidir.

Elnarə Akimova problemin həlli ilə bağlı üç təklif səsləndirib.

O, ilk növbədə Milli Məclisdə Elm və Təhsil Nazirliyi və müvafiq qurumların iştirakı ilə mütəmadi ictimai dinləmələrin keçirilməsini təklif edib. Deputat hesab edir ki, bu dinləmələrdə dərsliklərlə bağlı mövcud iradlar və təkliflər müzakirə olunmalı, problemin həlli yolları birgə müəyyənləşdirilməlidir.

İkinci təklif dərsliklərin hazırlanması və nəşrinə ayrılan büdcə vəsaitlərinin xərclənməsi ilə bağlıdır. E.Akimova həmin vəsaitlərin istifadəsinə dair parlamentin müvafiq komitəsinə ətraflı və şəffaf hesabatların təqdim olunmasını vacib sayıb.

Deputat, həmçinin dərsliklərin qiymətləndirilməsi üçün ekspertiza komissiyasının yaradılmasına ehtiyac olduğunu bildirib. Onun fikrincə, bu prosesə ictimaiyyətin, tanınmış alimlərin, mütəxəssislərin və ziyalıların real təsiri təmin edilməli, dərsliklərin məzmun keyfiyyətinə nəzarət gücləndirilməlidir.

“Bizdən gözlənilən təkcə büdcəni rəqəmlər olaraq təsdiqləmək deyil, dövlətin pulunun hara və necə xərcləndiyinə, xüsusilə də uşaqlarımızın təhsil keyfiyyətinə və milli ruhuna necə xidmət etdiyinə nəzarət etməkdir”, – deputat vurğulayıb.