Müəllimlik “təhlükə” qarşısında: Bu ixtisaslar üzrə kadrlar çatışmır

Müəllimlik “təhlükə” qarşısında: Bu ixtisaslar üzrə kadrlar çatışmır Sosial

Deyəsən, həkimlikdən sonra müəllimlik sahəsində də çatışmaqlıq yaranacaq. Hər halda, rəqəmlər bundan xəbər verir. Belə ki, 2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul zamanı ilkin müsabiqədən sonra bir sıra müəllimlik ixtisaslarında plan yerləri dolmayıb.

Kimya müəllimliyi üzrə 76, biologiya müəllimliyi üzrə 57, kimya və biologiya müəllimliyi üzrə 57, fizika müəllimliyi üzrə 31, riyaziyyat müəllimliyi üzrə 32, coğrafiya müəllimliyi üzrə 10, tarix və coğrafiya müəllimliyi üzrə isə 3 yer boş qalıb.

Hər zaman şərəfli məslək sayılan müəllimliyə son zamanlar maraq niyə azalıb? Bu, gələcəkdə müəllim çatışmazlığına gətirib çıxara bilərmi?

Məsələ ilə bağlı News24.az-a fikirlərini bildirən təhsil üzrə ekspert Elçin Əfəndi qeyd edib ki, pedaqoji ixtisaslar üzrə boş yerlərin qalması həmin şəxslərin ali təhsil müəssisələrində bu istiqamətdə təhsil almağa marağının olmadığını göstərir: “Bunun bir neçə səbəbi var. İlk növbədə, onlar əməkhaqqının aşağı olmasını əsas gətirirlər. İkinci səbəb bəzi namizədlərin müvafiq müsabiqə şərtlərini ödəmədikləri üçün müəyyən ixtisasları seçə bilməmələridir. Üçüncü səbəb isə əmək bazarında iş tapmaqla bağlı çətinliklərlə üzləşmələridir. Çünki vakant yerlərin sayı məhdud olur və nəticə etibarilə gənclər təhsillərini başa vurduqdan sonra işlə təmin olunmaq məsələsində çətinlik çəkirlər.

Təbii ki, belə vəziyyətdə gənclər gələcəyi də düşünürlər. Hesab edirlər ki, süni intellektin inkişafı ilə pedaqoji istiqamətdə bir sıra işlərin 5-10 ildən sonra təsiri azalacaq. Bu səbəbdən də pedaqoji ixtisaslarda təhsil almaq istəyi getdikcə zəifləyir”.

Ekspertin sözlərinə görə, həvəsləndirici xarakterli tədbirlər həyata keçirməklə bu ixtisaslara marağı müəyyən qədər artıra bilərik: “Eyni zamanda, gələcəkdə vakant yerlərin sayı çox olarsa, bu da gənclərin pedaqoji istiqamətdə təhsil almağa marağının artmasına təsir göstərə bilər.

Əks halda, ildən-ilə pedaqoji istiqamətdə təhsil almaq istəyənlərin sayının azaldığını müşahidə edə bilərik. Ümumiyyətlə, son illərdə pedaqoji ixtisaslar üzrə plan yerlərinin sayı da müəyyən qədər azaldılıb. Buna baxmayaraq, yenə də bu ixtisaslar üzrə qəbul olunan plan yerlərinin müəyyən hissəsi boş qalıb”.

Ekspert müəllimlərin sertifikasiyaya cəlb edilməsinin də bu məsələyə müəyyən təsiri olduğunu qeyd edib: “Sertifikasiya məsələsinin də təsiri var, amma düşünürəm ki, bu, əsas səbəb deyil. Çünki gənclər müəllimlik peşəsində qarşılaşdıqları çətinlikləri, sertifikasiya prosesini və bu proses zamanı yaşanan digər problemləri nəzərə alırlar. Bütün bunlar onların seçimlərinə təsir göstərir. Lakin demək olmaz ki, məhz sertifikasiya bu prosesdə həlledici rol oynayır”.