Mobil nömrəsini dəyişmək istəyənlərin diqqətinə - Təhlükə var
Sosial
Mobil nömrələrin uzun müddət istifadə edilmədikdən sonra deaktiv edilərək başqa şəxslərə verilməsi əvvəlki istifadəçilərin şəxsi məlumatları və rəqəmsal hesablarının təhlükəsizliyi ilə bağlı suallar yaradır. Belə ki, bir çox bank əməliyyatları, sosial şəbəkə profilləri və digər elektron xidmətlərə giriş mobil nömrəyə göndərilən təsdiq kodları vasitəsilə həyata keçirilir. Nömrənin yeni sahibinin əvvəlki istifadəçinin hesablarına aid bildiriş və kodları əldə etməsi isə müəyyən təhlükəsizlik riskləri yarada bilər.
Bəs belə hallarda vətəndaşlar öz hesablarını necə qorumalıdırlar? Mobil nömrə başqa şəxsə verildikdə bank və sosial şəbəkə hesablarının təhlükəsizliyi necə təmin olunmalıdır?
Məsələ ilə bağlı News24.az-a danışan İKT mütəxəssisi Elvin Həsənov bildirib ki, mobil nömrələrin deaktiv edildikdən sonra yenidən dövriyyəyə buraxılması bir sıra risklər yaradır.
"Mobil nömrələr bu gün təkcə ünsiyyət vasitəsi deyil, həm də bank hesablarına, sosial şəbəkələrə, messencerlərə və elektron poçta girişin bərpasında mühüm rol oynayır. Əvvəlki istifadəçi nömrəsini müxtəlif platformalardakı hesablarından ayırmadan istifadədən çıxardıqda isə həmin nömrənin yeni sahibinin şəxsi məlumatlara çıxış əldə etməsi üçün zəmin yarana bilər. Xüsusilə hesabın bərpasının yalnız SMS vasitəsilə mümkün olduğu platformalarda risk daha yüksəkdir. Belə ki, nömrəni yeni əldə edən şəxs əvvəlki istifadəçiyə ünvanlanan təsdiq kodlarını və hesabın bərpası ilə bağlı bildirişləri qəbul edə bilər. Bu isə müəyyən hallarda hesabların təhlükəsizliyinə təhdid yarada bilər".
Ekspert qeyd edib ki, problemin qarşısını almaq üçün mobil operatorlar istifadədən çıxarılan nömrələrin dərhal başqa abonentə verilməməsi mexanizmini nəzərdən keçirməlidirlər:
"Nömrənin müəyyən müddət ərzində passiv saxlanılması əvvəlki sahibə həmin nömrəni bank hesablarından və digər rəqəmsal xidmətlərdən çıxarmaq üçün əlavə vaxt qazandıra bilər. Təhlükəsizliyin təmin olunması yalnız mobil operatorların üzərinə düşən məsələ deyil. Banklar və rəqəmsal platformalar da hesabların bərpası zamanı təkcə SMS təsdiqinə əsaslanmamalıdırlar. Biometrik yoxlama, cihazın tanınması, əlavə PIN-kod və digər təsdiqləmə üsullarından istifadə riskləri azaltmağa kömək edə bilər".
Mütəxəssis vurğulayıb ki, mobil nömrənin sahibinin dəyişməsi ilə bağlı məlumatın müvafiq rəqəmsal xidmətlər tərəfindən nəzərə alınması da vacibdir:
"Belə hallarda həmin nömrə vasitəsilə hesabın bərpası əlavə yoxlamaya yönləndirilə bilər. Bununla da yeni nömrə sahibinin əvvəlki istifadəçinin hesablarına yalnız SMS kodu əsasında daxil olmasının qarşısı alına bilər. Mobil nömrədən imtina etməzdən əvvəl bank hesablarında, “WhatsApp”, “Telegram”, elektron poçt və sosial şəbəkə profillərində əlaqə nömrəsini dəyişmək lazımdır. Xüsusilə uzun müddət istifadə edilməyən və unudulan hesablar əlavə risk yarada bilər".