Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında

Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında Sosial

Rəqəmsal ödənişlərin geniş yayılması ilə elektron pul kisələri də gündəlik maliyyə əməliyyatlarının əsas vasitələrindən birinə çevrilib. Vətəndaşlar bu tətbiqlərdən pul köçürmək, kommunal və digər xidmətlərə görə ödəniş etmək, eləcə də vəsaitlərini elektron hesablarında saxlamaq üçün istifadə edirlər. Lakin bu platformaların populyarlığı artdıqca kibertəhlükəsizlik, istifadəçi məlumatlarının qorunması və elektron hesabların kənar müdaxilələrdən mühafizəsi məsələləri də aktuallaşır.

Bu günlərdə Azərbaycan Mərkəzi Bankı “Portmanat” brendi altında fəaliyyət göstərən “Mobile Payment Solutions” MMC-də apardığı yoxlama zamanı qanunvericiliyin və normativ aktların tələblərinin pozulmasını aşkarlayıb. Şirkətə çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlər verilsə də, nöqsanların konkret nədən ibarət olduğu açıqlanmayıb.

Bəs elektron pul kisələri kiberhücumlardan nə dərəcədə qorunur? İstifadəçilərin hesablarına kənar müdaxilələrin, məlumat və vəsait oğurluğunun qarşısını almaq üçün hansı texnoloji təhlükəsizlik sistemləri tətbiq edilməlidir? Elektron ödəniş platformalarında ən ciddi İT riskləri hansılardır?

News24.az xəbər verir ki, informasiya texnologiyaları üzrə ekspert Yusif Kərim mövzu ilə bağlı Musavat.com-a danışıb. O bildirib ki, Azərbaycanda elektron pul kisələri ilə bağlı münasibətlər “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunla tənzimlənir:

“Bu qanuna görə, ölkədə fəaliyyət göstərən ödəniş və elektron pul təşkilatları Mərkəzi Bankdan lisenziya almalıdır. Yəni bu bazar nəzarətsiz deyil və istifadəçinin pulu hüquqi baxımdan müdafiəsiz qalmır. “Portmanat” da bu çərçivədə fəaliyyət göstərir. Mərkəzi Bankın qərarı ilə “Mobile Payment Solutions” MMC-yə elektron pul təşkilatı fəaliyyəti üçün müddətsiz lisenziya verilib. Son yoxlamanın nəticələrinə gəlincə, icrası məcburi göstərişlər tənzimləyicinin adi nəzarət alətlərindən biridir. Bu, şirkətin müflis olduğunu və ya müştəri vəsaitlərinin təhlükədə olduğunu avtomatik göstərmir. Pozuntuların mahiyyəti açıqlanmadığı üçün indidən konkret nəticə çıxarmaq düzgün olmaz. Lakin bu hadisə elektron pul kisələrinin fəaliyyət mexanizmini və istifadəçilərin hüquqlarını yenidən gündəmə gətirir”.

Ekspertin sözlərinə görə, istifadəçilərin çoxunun bilmədiyi məqam elektron pulun bank əmanəti ilə eyni hüquqi statusa malik olmamasıdır:

“Qanuna görə, ödəniş və elektron pul təşkilatlarının istifadəçidən qəbul etdiyi pul depozit hesab olunmur. Bu vəsaitə faiz və ya başqa gəlir ödənilə bilməz, onun hesabına kredit də verilə bilməz. Buna görə elektron pul kisəsindəki vəsait bank əmanətləri kimi Əmanətlərin Sığortalanması Fondunun sığorta sisteminə daxil deyil. Bununla belə, qanun istifadəçilərin vəsaitlərinin qorunması üçün alternativ mexanizmlər müəyyən edib. Birincisi, müştərilərin pulları şirkətin öz vəsaitlərindən ayrı saxlanmalıdır. Elektron pul təşkilatı qəbul etdiyi vəsaitlərin təhlükəsizliyini ən azı iki üsuldan biri ilə təmin etməlidir. Birinci üsula əsasən, pul növbəti iş günü ərzində köçürülməyibsə, Azərbaycanda fəaliyyət göstərən bankda bu məqsədlə ayrıca açılmış hesabda saxlanmalı və ya Mərkəzi Bankın müəyyən etdiyi aşağı riskli likvid aktivlərə yatırılmalıdır. İkinci üsul isə şirkətin mülki məsuliyyətini müstəqil sığortaçıda sığortalaması və ya aidiyyəti olmayan kredit təşkilatından qarantiya almasıdır. Ayrıca hesab üsulu seçildikdə şirkət həmin hesaba öz vəsaitini əlavə edə bilməz. İkinci və ən vacib mexanizm şirkətin iflası zamanı müştəri vəsaitlərinin qorunmasıdır. Qanuna görə, şirkətin digər kreditorlarının tələbləri, o cümlədən iflas prosesində irəli sürülən tələblər istifadəçilərin pul vəsaitlərinə və həmin vəsait hesabına əldə edilmiş aktivlərə yönəldilə bilməz. Sadə dillə desək, şirkətin borcları olsa belə, müştərilərin pulları həmin borcların ödənilməsi üçün istifadə edilə bilməz. Üçüncü mexanizm istifadəçinin pulunu geri almaq hüququdur. Emitent elektron pul sahibinin tələbi ilə qalıq dəyəri dərhal geri qaytarmalıdır. Lisenziya ləğv edildikdə isə elektron pulun emissiyası dərhal dayandırılmalı və hesabda qalan vəsait sahiblərinə heç bir haqq tutulmadan qaytarılmalıdır”.

Yusif Kərim qeyd edib ki, qanun istifadəçiləri icazəsiz əməliyyatlarla bağlı da müəyyən mexanizmlərlə qoruyur. Ödəniş alətinin itirilməsi, oğurlanması və ya başqası tərəfindən istifadəsi zamanı istifadəçinin hər bir icazəsiz əməliyyat üzrə itkisi 100 manatadək ola bilər:

“İstifadəçi şirkəti məlumatlandırdıqdan sonra baş verən itkilərə görə məsuliyyət daşımır. Şirkət gücləndirilmiş müştəri autentifikasiyası tətbiq etməyibsə, yaranan itkiyə görə də istifadəçi məsuliyyət daşımır. Lakin bu qorumanın istisnaları var. İstifadəçi təhlükəsizlik qaydalarını qəsdən və ya kobud ehtiyatsızlıq nəticəsində pozubsa, məsələn, təsdiq kodunu başqasına veribsə, itkiyə görə tam məsuliyyət daşıya bilər. Belə hallarda sübutetmə yükü şirkətin üzərindədir. İstifadəçi icazəsiz əməliyyatı aşkar etdikdə dərhal şirkətə məlumat verməlidir. Qanuna əsasən, belə əməliyyatın aşkar edilməsindən sonra altı ay ərzində şirkətin xəbərdar edilməsi vacibdir. Şirkət daxil olan şikayətə yeddi iş günü ərzində baxmalı və istifadəçiyə nəticə barədə məlumat verməlidir. Şirkətə şikayət ünvanlanması vətəndaşın məhkəməyə müraciət hüququnu məhdudlaşdırmır. Cavab qane etmədikdə Mərkəzi Banka da müraciət etmək mümkündür”.

Ekspert istifadəçilərə elektron pul kisəsi seçərkən platformanın və onun agentinin Mərkəzi Bankın reyestrində olub-olmadığını yoxlamağı tövsiyə edib:

“Hesabın tam eyniləşdirilmiş vəziyyətdə saxlanılması, iki mərhələli təsdiqin aktivləşdirilməsi və SMS kodlarının heç kimlə paylaşılmaması da vacibdir. Ən mühüm məqam elektron pul kisəsinin yığım hesabı deyil, ödəniş aləti olduğunu unutmamaqdır. Gündəlik ödənişlər üçün lazım olan məbləği bu platformalarda saxlamaq daha məqsədəuyğundur. Böyük məbləğlərin isə əmanət sığortası ilə qorunan bank hesablarında saxlanılması daha düzgündür”.