"Attestasiyalar zamanı böyük təcrübəyə malik kitabxanaçıları itirdik"
Sosial
Müxtəlif attestasiyalar zamanı böyük təcrübəyə malik kitabxanaçıları formal səbəblərə görə itirdik.
News24.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün təşkil etdiyi “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
Fazil Mustafa bildirib ki, kitabxananın fəaliyyətinə yalnız ixtisas diplomu prizmasından baxmaq doğru deyil: “Kitabı bilən, kitab haqqında təsəvvürü olan və ən əsası kitaba sevgisi olan insanların düzgün seçilməsi və bu sahədə qorunub saxlanılması vacibdir. Təəssüf ki, bir çox hallarda müxtəlif attestasiyalar zamanı böyük təcrübəyə malik, zəngin kitab yaddaşı olan kitabxanaçıları yaş və digər formal səbəblərə görə itirdik. Halbuki belə kadrları qorumaq lazımdır. Elə sahələr var ki, məsələn, 70 yaşında müəllimi belə qorumağa məcbursan. Çünki həmin müəllimi itirmək məktəbin potensialını və keyfiyyətini itirmək deməkdir. Əvvəlcə müəyyən edilməlidir ki, kitabxanada işlək kompüterlər yetərincədirmi, oxucular üçün şərait varmı, bina normal vəziyyətdədir, yoxsa yox? Burada qeyd olundu ki, kitabxana binalarının təxminən 80 faizi uyğun vəziyyətdə deyil. Mən bunu tam əminliklə deyə bilirəm. Çünki Ələt qəsəbəsindən Pirallahıya qədər olan kitabxanaların demək olar ki, hamısında olmuşam. Cəmi bir neçə istisna var. Bir çox kitabxanalarda döşəmələrin sıradan çıxması, istilik sisteminin olmaması və digər problemlər 30-40, hətta 50 ildən bəri həllini tapmayan məsələlərdir. Bunlar bugünün problemləri deyil. Bu gün də elə kitabxanaçılar var ki, qışın soyuğunda, istilik sistemi olmayan binada palto ilə oturaraq səhər saat 9-dan axşam 6-ya qədər iş başında qalırlar. Bəs onların aldığı əməkhaqqı nə qədərdir? Təxminən 420-550 manat arasında. Üstəlik, bir çoxu işə gəlmək üçün iki-üç marşrut dəyişməli olur. Nəqliyyat xərclərini və digər gündəlik məsrəfləri çıxanda həmin əməkhaqqının real dəyəri 300-350 manatdan artıq olmur. Belə şəraitdə çalışan insanlardan yüksək nəticə gözləməzdən əvvəl onların işlədiyi mühit və sosial vəziyyəti barədə düşünməliyik. Dövlət kitabxananı qorumaq missiyasını öz üzərinə götürməlidir. Kitaba və kitabxanaya tələbatın olub-olmamasından asılı olmayaraq, onların mövcudluğu, nüfuzu və yaşaması ölkənin mədəni siması üçün son dərəcə vacibdir”./APA/