Nazirdən su qıtlığı məsələsi ilə bağlı AÇIQLAMA
Sosial
Azərbaycanda kənd təsərrüfatı ölkə iqtisadiyyatında mühüm yer tutur, həm iqtisadi, həm də sosial baxımdan strateji əhəmiyyət daşıyır.
News24.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “İqlim, iqtisadi və təhlükəsizlik problemləri kontekstində ərzaq təhlükəsizliyi: regional perspektivlərin fərqləri və oxşarlıqları” adlı paneldə çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, hazırda kənd təsərrüfatı Azərbaycanın ÜDM-nin təxminən 5-6 faizini təşkil edir, eyni zamanda, məşğulluğun 25 faizdən çoxunu təmin edir.
“Bu isə aqrar sektorun yalnız iqtisadi deyil, həm də mühüm sosial rol oynadığını göstərir. Bu səbəbdən aqrar siyasətin hazırlanması və həyata keçirilməsi zamanı həm iqtisadi, həm də sosial amillər nəzərə alınmalıdır. Qida təhlükəsizliyi baxımından kənd təsərrüfatının inkişafı bir sıra amillərdən asılıdır. Bu amillərin bir hissəsi artıq məlumdur və idarə oluna bilir. Bununla belə, iqlim dəyişiklikləri, eləcə də regionda və dünyada baş verən geosiyasi proseslər, xüsusilə Körfəz regionu və Ukrayna ətrafında müşahidə olunan gərginliklər ciddi çağırışlar yaradır. Su qıtlığı məsələsində əsas problem onun səmərəli idarə olunması ilə bağlıdır. Azərbaycanın su ehtiyatlarının təxminən 70 faizi xaricdən daxil olur. Lakin əsas məsələ bu resursların necə idarə edilməsidir. Bu istiqamətdə bir sıra mühüm addımlar atılır. Belə ki, ölkə üzrə müxtəlif miqyaslı su anbarlarının tikintisi və genişləndirilməsi həyata keçirilir, suyun nəqli sistemləri modernləşdirilərək açıq və torpaq kanallarından beton və qapalı boru sistemlərinə keçid təmin olunur. Bu isə su itkilərinin azaldılmasına, torpaq resurslarına qənaətə və səmərəliliyin artırılmasına xidmət edir”, – deyə o bildirib.
Nazir əlavə edib ki, kənd təsərrüfatı sahələrinə ötürülən suyun qapalı sistemlər vasitəsilə verilməsi və ölçülməsi xüsusi əhəmiyyət kəsb edir: “Bununla yanaşı, müasir suvarma texnologiyalarının tətbiqi genişləndirilir. Hazırda suvarılan torpaqların 10–14 faizi, yəni təxminən 130 min hektarı müasir suvarma sistemləri ilə əhatə olunub. 2030-cu ilə qədər bu göstəricinin 300 min hektara çatdırılması planlaşdırılır. Su resurslarının idarə olunmasında ən vacib məsələlərdən biri də ölçmə sistemlərinin tətbiqidir. Ümumi su istifadəsinin 70 faizi kənd təsərrüfatının payına düşsə də, ölçmə sistemləri əsasən məişət və sənaye sahələrində tətbiq olunur. Kənd təsərrüfatında isə bu sahədə ciddi boşluqlar mövcuddur. Halbuki, ölçülməyən resursun effektiv idarə olunması mümkün deyil”.
O, həmçinin qeyd edib ki, torpaq resurslarının səmərəli idarə olunması, xüsusilə torpaq konsolidasiyası layihələri də aqrar sektorun inkişafında mühüm rol oynayacaq.
“Bu istiqamətdə beynəlxalq təcrübədən, o cümlədən Türkiyənin təcrübəsindən istifadə nəzərdə tutulur. Kənd təsərrüfatına dəyər zənciri yanaşması tətbiq olunmalıdır. Bu zəncir istehsaldan deyil, resursların idarə olunmasından başlayır və su, torpaq, təhsil, elm və maliyyə kimi əsas komponentləri əhatə edir. Yalnız bu sahələrin kompleks şəkildə inkişaf etdirilməsi ilə davamlı kənd təsərrüfatı inkişafını və uzunmüddətli ərzaq təhlükəsizliyini təmin edə bilərik”, – deyə Məcnun Məmmədov əlavə edib. (Unikal)