"Nəvələrim bu xəbəri eşidəndə boynuma sarıldılar" - 58 yaşında tələbə olan baba
Sosial
Ali təhsil müəssisələrinə builki qəbulun nəticələrinə əsasən, tələbə adını qazanan ən yaşlı tələbə 58 yaşlı Elbrus Hüseynovdur.
O, subbakalavr kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyi ixtisasına əyani təhsil forması üzrə dövlət sifarişi əsasında qəbul olub.
News24.az Elbrus Hüseynovla əlaqə saxlayaraq onun qəbul nəticəsi ilə bağlı təəssüratlarını və gələcək planlarını öyrənib.
Elbrus Hüseynov bildirib ki, orta məktəbdə yaxşı oxusa da, bəzi çətinliklər üzündən ali məktəbə qəbul ola bilməyib: “Buna baxmayaraq, həvəsdən düşmədim, dedim, neçə yaşım olursa-olsun, mütləq ali təhsil alacam, universitetə qəbul olacam.
2 il bundan qabaq, 56 yaşımda mühəndislik ixtisası üzrə kolleci bitirdim. Ali məktəbə qəbul olmağım isə bu ilə təsadüf etdi”.
Elbrus Hüseynov bildirib ki, bakalav pilləsini bitirdikdən sonra da təhsilini davam etdirməyi düşünür: “Allah ömür versə, magistraturanı da oxumaq istəyirəm. Qəbul oluna bilməyən gənclərə tövsiyə olaraq demək istəyirəm ki, insan hər şeyə qadirdir. Ona görə də, həvəsdən düşməsinlər. Mən nə qədər çətinliklər görmüşəm, atasız böyümüşəm. Bu qədər əzab-əziyyətin qarşısında məqsəd qoymuşdum ki, nə vaxtsa ali təhsil alacam. Şükür Allaha, qəbul olundum. Əsas insanın qarşısına məqsəd qoymasıdır, gec-tez ona nail olur”.
Elbrus Hüseynov onu da deyib ki,tələbə adı almasına hər kəsdən çox nəvələri sevinib: “Üç nəvəm var. Bu xəbər ən çox onlar sevindilər. Eşidəndə boynuma sarıldılar. Mənim üçün ən böyük xoşbəxtlik onların sevincini görməkdir".