İnternetdən alış-veriş edərkən sizi belə aldadırlar – 8 gizli hiylə
Sosial
İnternetdən alış-veriş edərkən qərarı həqiqətən özümüz veririk? Ekranda gördüyümüz “son 5 məhsul”, geri sayan saat, “bu məhsula hazırda 20 nəfər baxır” kimi mesajlar bəzən sadəcə məlumat deyil, bizi daha tez pul xərcləməyə sövq edən psixoloji alətlərdir. Mütəxəssislər bu üsulların bir qismini “dark patterns” yəni istehlakçının qərarına təsir edən manipulyativ dizaynlar adlandırırlar.
News24.az xəbər verir ki, onlayn alış-veriş platformalarında istifadə olunan bu üsullar son illərdə həm istehlakçı təşkilatlarının, həm də tənzimləyici qurumların diqqət mərkəzinə düşüb. ABŞ Federal Ticarət Komissiyası və Avropa İttifaqının qurumları müxtəlif sayt və tətbiqlərdə istehlakçını çaşdıran, tələsdirən və ya əlavə ödənişə yönəldən mexanizmlər aşkarlayıb.
1. “Son 5 məhsul qaldı” mesajı
Onlayn mağazalarda ən çox rast gəlinən üsullardan biri qıtlıq hissi yaratmaqdır. Məhsulun yanında “cəmi 2 ədəd qalıb”, “stok bitmək üzrədir” və ya “hazırda 15 nəfər bu məhsula baxır” kimi mesajlar görünür.
Bu məlumat həqiqidirsə, istehlakçı üçün faydalı ola bilər. Problem isə belə mesajların real vəziyyəti əks etdirmədiyi hallarda yaranır. FTC saxta və ya əsassız qıtlıq və təcili alış mesajlarını “dark pattern” nümunələri sırasında göstərir.
Belə mesajın yaratdığı əsas psixoloji təsir “indi almayacağam, sonra tapa bilməyəcəyəm” qorxusudur. Nəticədə insan qiyməti müqayisə etmədən qərar verə bilər.
2. Geri sayan saat
“Endirimin bitməsinə 09:58 dəqiqə qaldı” – bu cümlə tanış səslənir. Geri sayım istehlakçıya düşünmək üçün vaxtının olmadığını hiss etdirir.
Bu tip taymerləri xüsusi olaraq manipulyativ dizayn nümunəsi kimi qeyd edir. Xüsusilə sayğac sıfırlandıqdan sonra yenidən eyni təklifin davam etməsi istehlakçını yanlış təcili qərara sövq edə bilər.
Avropa Komissiyasının 2023-cü ildə apardığı araşdırmada da saxta geri sayım taymerləri yoxlanılan manipulyativ üsullardan biri olub. 399 onlayn mağazanın araşdırılması zamanı 148 saytda ən azı bir belə manipulyativ praktika aşkarlanıb.
3. Böyük endirim görüntüsü
Məhsulun üzərində əvvəlki qiymətin üstündən xətt çəkilir və onun yanında daha aşağı rəqəm göstərilir. Məsələn, 100 manatlıq məhsulun 49 manata düşdüyü yazılır.
Amma burada əsas məsələ “əvvəlki qiymət”in həqiqətən nə qədər olmasıdır. FTC istehlakçılara yalnız endirim faizinə deyil, məhsulun ümumi qiymətinə və digər satıcılardakı qiymətlərə baxmağı tövsiyə edir.
Yəni “50 faiz endirim” ifadəsi avtomatik olaraq “sərfəli alış” demək deyil.
4. Səbətə əvvəlcədən əlavə edilən məhsullar
Bəzən alıcı yalnız bir məhsul seçir, lakin ödəniş mərhələsində səbətdə əlavə xidmət, sığorta, aksesuar və ya başqa məhsulun da olduğunu görür.
Bu, istehlakçının diqqətindən yayınacağı hesablanan üsullardan biridir. FTC əvvəlcədən işarələnmiş seçimlər və icazəsiz şəkildə səbətə əlavə edilən məhsulları manipulyativ dizayn nümunələri kimi göstərir.
Bu səbəbdən ödənişi təsdiqləməzdən əvvəl səbəti yenidən yoxlamaq vacibdir.
5. Əsas qiymətin son mərhələdə dəyişməsi
Məhsulu seçərkən ekranda bir qiymət görürük. Lakin ödəniş səhifəsinə çatanda çatdırılma, xidmət haqqı, vergi və digər ödənişlər əlavə olunur.
FTC istehlakçılara məhsulun yalnız ilkin qiymətinə deyil, çatdırılma və digər əlavə xərclərlə birlikdə ümumi məbləğə baxmağı tövsiyə edir.
İstehlakçının alış qərarını ilkin aşağı qiymətə əsasən verməsi, sonradan isə əlavə ödənişlə qarşılaşması “drip pricing” kimi tanınan qiymət təqdimetmə üsulları ilə əlaqələndirilir.
6. “Digərləri də bunu alır” effekti
“Bu məhsul bu həftə 500 dəfə satılıb”, “20 nəfərin səbətindədir”, “ən çox satılan məhsuldur” kimi ifadələr alıcıda məhsulun populyar olduğu təəssüratını yaradır.
Burada sosial sübut mexanizmi işə düşür: insan seçimindən əmin olmadıqda başqalarının davranışını göstərici kimi qəbul edə bilər.
Lakin bu məlumatların necə əldə edildiyi və nə qədər real olduğu hər zaman aydın olmur. FTC də onlayn alış-veriş zamanı rəylərə və reytinqlərə kor-koranə güvənməməyi, müxtəlif mənbələri müqayisə etməyi tövsiyə edir.
7. “Pulsuz sınaq”dan ödənişli abunəliyə
“7 gün pulsuz istifadə et”, “ilk ay ödənişsiz” kimi təkliflər xüsusilə rəqəmsal xidmətlərdə geniş yayılıb. Burada əsas risk pulsuz müddət başa çatdıqdan sonra avtomatik ödənişin başlamasıdır.
İstehlakçı pulsuz sınaq üçün qeydiyyatdan keçərkən sonrakı aylıq ödənişi diqqətdən qaçıra bilər. FTC bu tip halları və abunəliyin ləğvini çətinləşdirən mexanizmləri “dark patterns” sırasında göstərir.
Qurumun 2024-cü ildə beynəlxalq tərəfdaşlarla apardığı araşdırmada 26 ölkədən 642 abunəlik saytı və tətbiqi yoxlanılıb. Onların təxminən 76 faizində ən azı bir mümkün manipulyativ dizayn, 67 faizində isə bir neçə belə üsul aşkarlanıb.
8. Almaq asandır, imtina etmək çətindir
Bəzi platformalarda məhsulu almaq üçün bir neçə saniyə kifayət edir, lakin sifarişi ləğv etmək, abunəliyi dayandırmaq və ya hesabı bağlamaq üçün bir neçə mərhələdən keçmək lazım gəlir.
Bu da təsadüfi dizayn olmaya bilər. FTC belə mexanizmləri istehlakçını istəmədiyi ödənişdə saxlamağa yönələn “maneə yaratma” üsulları sırasında göstərir.
2023-cü ildə FTC “Amazon Prime” abunəliyi ilə bağlı şirkətə qarşı iddia qaldıraraq istifadəçilərin abunəliyə razılığının alınması və sonradan ləğv prosesinin çətinləşdirilməsi ilə bağlı iddialar irəli sürüb.
Araşdırmalar göstərir ki, bu üsulların məqsədi yalnız daha çox məhsul satmaq deyil. Bəzi “dark pattern”lər istifadəçini şəxsi məlumatlarını paylaşmağa, abunəliyə qoşulmağa və ya istəmədiyi seçimləri qəbul etməyə də yönəldə bilər.
Ona görə onlayn alış-veriş zamanı ən sadə qayda tələsik qərar verməməkdir. “Son məhsul”, “son dəqiqələr”, “hamı bunu alır” kimi mesajları gördükdə məhsulun qiymətini başqa platformalarda yoxlamaq, çatdırılma və digər xərcləri hesablamaq, səbəti ödənişdən əvvəl yenidən nəzərdən keçirmək və abunəlik şərtlərini oxumaq mümkündür. FTC də istehlakçılara alışdan əvvəl satıcını, məhsulu, ümumi qiyməti, rəyləri və geri qaytarma şərtlərini yoxlamağı tövsiyə edir. (Yeni Sabah)