Ötən ay su qiymətinə idi, indi marketlərdə tapılmır

Ötən ay su qiymətinə idi, indi marketlərdə tapılmır Sosial

Yay mövsümünün ən çox istehlak edilən məhsullarından olan qarpızın qiyməti bu il ötən illə müqayisədə artıb. Hazırda paytaxt və bölgə bazarlarında qarpızın kiloqramı əsasən 70 qəpikdən 1 manata qədər satılır. Bahalaşma yalnız qarpızla məhdudlaşmır. Son günlər bazarlarda şaftalı, nektarin, üzüm və bəzi digər mövsümi meyvələrin qiymətlərində də artım müşahidə olunur.

Mütəxəssislər qiymət artımını məhsuldarlığın azalması, əlverişsiz hava şəraiti, daşınma və logistika xərclərinin yüksəlməsi, eləcə də bazarda təklifin tələbi tam qarşılamaması ilə əlaqələndirirlər. Bəs bu il meyvələrin bahalaşmasının əsas səbəbləri nədir və qiymətlərdə yaxın vaxtlarda ucuzlaşma gözlənilirmi?

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, mövsümi meyvələrin qiymətində müşahidə olunan artımı yalnız hava şəraiti, məhsuldarlığın azalması və ya logistika xərcləri ilə izah etmək düzgün yanaşma deyil. Onun sözlərinə görə, bahalaşmanın arxasında daha fundamental səbəblər dayanır və əsas problem ölkədə formalaşmış iqtisadi modelin bazarın normal işləməsini tam təmin edə bilməməsidir.

"Bir ay əvvəl 60–80 qəpiyə satılan qarpızın bəzi satış nöqtələrində qısa müddətdə 1 manat 20 qəpiyə qədər bahalaşması onu göstərir ki, qiymətlər təkcə bazardakı tələb və təklif əsasında formalaşmır. Təchizat zəncirində mövcud problemlər, vasitəçilərin sayının çox olması və rəqabətin zəifliyi qiymətlərin sürətlə yüksəlməsinə şərait yaradır. Oxşar vəziyyəti digər mövsümi meyvələrdə də müşahidə edirik. Fermer rayonda məhsulunu 2–3 manata sata bildiyi halda, həmin məhsul Bakıda 7–8 manata təklif olunur. Daşınma, saxlanma və satış xərcləri bu fərqin müəyyən hissəsini izah etsə də, qiymətlər arasındakı bu qədər böyük fərqi tam əsaslandırmaq mümkün deyil."

İqtisadçının fikrincə, mövcud vəziyyət istehsalçı ilə istehlakçı arasında səmərəli bazar münasibətlərinin formalaşmadığını göstərir. O vurğulayıb ki, kənd təsərrüfatı məhsullarının satış mexanizmlərində ciddi problemlər mövcuddur və bu da son qiymətə birbaşa təsir edir.

"Əsas problem ondan ibarətdir ki, mövcud iqtisadi model istehsalçı ilə istehlakçı arasında sağlam bazar əlaqələrinin qurulmasına imkan vermir. Vasitəçilərin sayının həddindən artıq çox olması, rəqabət mühitinin kifayət qədər inkişaf etməməsi, logistika və satış sisteminin zəif təşkili qiymətlərin süni şəkildə yüksəlməsinə səbəb olur. Bunun nəticəsində fermer məhsulunu ucuz satmağa, alıcı isə həmin məhsulu yüksək qiymətə almağa məcbur qalır. Mövcud sistem nə istehsalçının, nə də istehlakçının maraqlarına tam cavab verir."

İqtisadçı hesab edir ki, problemin həlli üçün kənd təsərrüfatı məhsullarının bazara çıxış mexanizmləri təkmilləşdirilməli, vasitəçilərin sayı azaldılmalı, rəqabət mühiti gücləndirilməli və istehsalçıların məhsullarını birbaşa satış məntəqələrinə çatdırması üçün daha əlverişli şərait yaradılmalıdır.