Panik atak zamanı nə etməli? – Neyropsixoloqdan tövsiyələr
Sosial
““Panik atak” zamanı insan orqanizmi təhlükəyə qarşı güclü reaksiya verir”.
Bu sözləri News24.az-a müsahibəsində neyropsixoloq Aytəkin Aslan deyib.
Onun sözlərinə görə, panik ataq zamanı ürək döyüntüsü sürətlənə, tərləmə yarana, əllər soyuya, bədəndə gücsüzlük hiss oluna bilər: “İnsan hətta özündən gedəcəyini və ya başına pis bir hadisə gələcəyini düşünə bilər.
Belə hallarda ilkin psixoloji dəstək kimi insanın diqqətini ətrafına yönəltmək, gördüyü əşyaları və rəngləri saymaq, nəfəs texnikalarından istifadə etmək faydalı ola bilər.
İnsan özünə xatırlatmalıdır ki, əvvəllər də belə hisslər yaşayıbsa və həmin hal keçibsə, indiki vəziyyət də keçə bilər. Bununla belə, “panik atak” təkrarlanırsa və gündəlik həyata mane olursa, mütəxəssisə müraciət etmək lazımdır.
Bəzən insanlar sağlamlıqları ilə bağlı həddindən artıq narahat olur, internetdə davamlı olaraq xəstəlik əlamətlərini axtarır, dəfələrlə müayinədən keçsələr də rahatlıq tapa bilmirlər. Bu vəziyyət sağlamlıqla bağlı güclü narahatlıqla əlaqəli ola bilər.
“Panik atak” vaxtında qiymətləndirilmədikdə insan müəyyən məkanlardan, insanlardan və ya vəziyyətlərdən çəkinməyə başlaya bilər. Bu da onun sosial həyatına və ailə münasibətlərinə mənfi təsir göstərə bilər”.