Payız çiyələyi niyə qəhətə çıxıb?

Payız çiyələyi niyə qəhətə çıxıb? Sosial

Yaz aylarında piştaxtalarda, yol kənarlarında səbətlərdə 2- 4 manat arasında satışa çıxarılan çiyələk hər il payız mövsümündə də bazarlarda az-çox gözə dəyirdi.

Amma nədənsə bu il payız çiyələyi bazarlarda əvvəlki illərlə müqayisədə daha az görünür. Mövsümün ən çox sevilən meyvələrindən birinin qəhətə çıxması isə sual doğurur. Bəs bunun səbəbi nədir? Çiyələyin bazarda azalmasına qiymət artımı, yetişdirilmə şəraiti, mövsümi amillər, yoxsa digər səbəblər təsir edir?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib ki, payız mövsümündə məhsulun bazara çıxarılma həcmi yaz mövsümü ilə müqayisədə adətən daha məhdud olur. Onun sözlərinə görə, bu səbəbdən ilkin mərhələdə qiymətin yazdakı səviyyədən yüksək olması mümkündür.

“Çiyələyin bazarlarda az olmasının əsas səbəbi təkcə qiymətlə bağlı deyil. Payızda məhsulun yetişdirilməsi üçün istixana və qulluq xərcləri artır. Eyni zamanda, məhsuldarlıq mövsümi şəraitdən asılı olur. Bu amillər istehsalçının maya dəyərini yüksəldir və nəticədə bazara çıxarılan məhsulun qiyməti də artır.

Havaların əlverişli keçməsi və istixana təsərrüfatlarında məhsulun həcminin artması ilə bazarda təklif çoxalarsa, qiymət tədricən aşağı düşə bilər. Yazda çiyələyin 2 - 4 manat arasında satılmasına baxmayaraq, qiymətin mövsüm ərzində ciddi ucuzlaşmaması da göstərir ki, məhsulun bazara çıxarılması qiymətin aşağı düşməsi üçün kifayət etmir. Burada istehsal xərcləri, məhsuldarlıq, daşınma, qablaşdırma, itkilər və satıcıların marjası da qiymətə təsir edir.

Ona görə də payız çiyələyinin bazarda az olmasının əsas səbəbini yalnız yüksək qiymətlə əlaqələndirmək düzgün deyil. Əsas məsələ mövsümi olaraq istehsalın və təklifin azalmasıdır. Məhsulun həcmi artdıqca qiymətin yaz səviyyəsinə yaxınlaşması mümkündür. Lakin istixana istehsalının daha baha başa gəlməsi səbəbindən yazdakı qiymətin tam təkrarlanacağına zəmanət yoxdur”, - deyə Akif Nəsirli bildirib.