Paytaxtda 65 küçənin təmiri tamamlanıb
Sosial
Paytaxtda icra olunan genişmiqyaslı təmir proqramı çərçivəsində artıq 65 küçədə təmir işləri yekunlaşdırılıb.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bakı şəhəri və şəhərətrafı ərazilərdə iyunun 15-dən etibarən başlayan və ümumilikdə 110 küçə və prospekti əhatə edən proqramın icrası gücləndirilmiş iş rejimində davam etdirilir.
Yeni tədris ili başlamazdan əvvəl nəqliyyat intensivliyinin yüksək olduğu paytaxtın mərkəzi hissəsində nəzərdə tutulan əsas təmir işləri tamamlanıb.
Hazırda işlər şəhərətrafı ərazilərdə mərhələli şəkildə davam etdirilir. Yaxın müddətdə proqram üzrə nəzərdə tutulan digər küçə və yollarda da təmir işlərinin yekunlaşdırılması planlaşdırılır.
Məqsəd vətəndaşlar üçün daha rahat və təhlükəsiz hərəkət şəraitinin yaradılmasıdır.