Pensiya almaq istəyənlər üçün MÜHÜM XƏBƏR: Artıq bu yaşda çıxacaqlar

Pensiya almaq istəyənlər üçün MÜHÜM XƏBƏR: Artıq bu yaşda çıxacaqlar Sosial

Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı mərhələli artım prosesi başa çatır. İyulun 1-dən etibarən qadınlar üçün pensiya yaşı 64 il 6 aydan 65 yaşa qaldırılacaq və bununla da qadınlar və kişilər üçün müəyyən edilmiş pensiya yaşı ilk dəfə tam bərabərləşəcək.

Bu dəyişiklik “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq həyata keçirilir. Qanuna əsasən, azı 25 il sığorta stajı olan qadınlar üçün pensiya yaşı 2017-ci ildən başlayaraq hər il 6 ay artırılıb və proses 2026-cı ilin iyulunda yekunlaşır. Beləliklə, 2024-cü ildə qadınların pensiya yaşı 64 yaşa, 2025-ci ildə isə 64 il 6 aya çatdırılmışdı. Yeni dəyişiklikdən sonra həm qadınlar, həm də kişilər üçün pensiya yaşı 65 yaş olacaq.

Bəs, pensiya yaşının eyniləşdirilməsi həqiqətən bərabərlik deməkdir, yoxsa qadınların üzərinə düşən yükün artması?

Məsələ ilə bağlı News24.az-a danışan Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib ki, pensiya yaşının müəyyənləşdirilməsində əsas meyar ilk növbədə insanların orta ömür uzunluğu, sağlamlıq vəziyyəti və əmək qabiliyyətinin nə qədər müddət qorunub saxlanılması olmalıdır:

"Bununla yanaşı, ölkənin demoqrafik göstəriciləri, əmək bazarının vəziyyəti, sosial sığorta sisteminin maliyyə dayanıqlığı və pensiya fondunun imkanları da nəzərə alınmalıdır. Pensiya yaşı müəyyən edilərkən yalnız gender bərabərliyi prinsipi deyil, həm də sosial reallıqlar qiymətləndirilməlidir. Xüsusilə qadınların ailə qayğıları, uşaqların tərbiyəsi və yaşlı ailə üzvlərinə qulluq kimi əlavə sosial yük daşıması vacib amil kimi götürülməlidir".

İqtisadçı qeyd edib ki, qadın və kişilər üçün eyni pensiya yaşının tətbiqi əmək bazarında bərabər imkanlar prinsipinə uyğun yanaşma kimi də qiymətləndirilir:

"Buna görə də pensiya yaşının müəyyənləşdirilməsində ən düzgün yanaşma demoqrafik, iqtisadi və sosial amillərin birlikdə nəzərə alınmasıdır. Məqsəd həm vətəndaşların sosial müdafiəsini təmin etmək, həm də pensiya sisteminin uzunmüddətli maliyyə sabitliyini qorumaq olmalıdır. Bu baxımdan digər iqtisadi islahatlarla yanaşı pensiya sisteminin də moderinləşdirilməsi vacibdir".