Pensiya və əməkhaqlarının artım faizi məlum oldu - Rəqəm

Pensiya və əməkhaqlarının artım faizi məlum oldu - Rəqəm Sosial

2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 984 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Cari ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 29 312,1 milyon manat təşkil edib ki, bu da proqnozu 787,7 milyon manat və ya 2.8 faiz üstələyib. Dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 169,7 milyon manat və ya 0.6 faiz çoxdur. Yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin xərcləri 25 348,2 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 680,0 milyon manat və ya 2.8 faiz çoxdur.

Maraqlıdır, dövlət büdcəsindəki müsbət dinamika maaşların artımına necə təsir edəcək?

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, pensiyaların artımı hər il avtomatik indeksasiya mexanizmi əsasında həyata keçirilir və bu zaman əvvəlki ildə orta aylıq əməkhaqqının nominal artım tempi əsas götürülür:

"Ölkədə büdcə gəlirlərinin artması sosial ödənişlərin yüksəldilməsi üçün əlavə imkanlar yarada bilər. Gələn il minimum pensiya və minimum əməkhaqqında artım təxminən 15 faizə çata bilər. Bununla belə, pensiyaların indeksasiya faizinin dəqiq müəyyənləşməsi üçün ilin başa çatması və müvafiq iqtisadi göstəricilərin açıqlanması vacibdir. Pensiyaların artırılması mexanizmi minimum əməkhaqqının və digər əməkhaqlarının yüksəldilməsindən fərqlənir. Belə ki, pensiyalar qanunvericilikdə nəzərdə tutulan qaydada indeksasiya olunur və artımın konkret faizi orta aylıq əməkhaqqının əvvəlki il üzrə dəyişməsinə uyğun müəyyənləşdirilir. Buna görə də gələn il pensiyaların nə qədər artacağı ilə bağlı yekun rəqəm ilin sonunda dəqiqləşəcək".

İqtisadçı qeyd edib ki, minimum pensiya və minimum əməkhaqqının artırılması ilə bağlı qərarlar hökumətin sosial siyasətindən və büdcə imkanlarından asılıdır:

"Dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışanların əməkhaqlarının artırılması da müvafiq qərarlarla tənzimlənir. Özəl sektorda isə maaşların yüksəlməsi fərqli mexanizmlərlə baş verir. Minimum əməkhaqqının artırılması bütün işçilərin maaşlarının eyni faizlə yüksələcəyi anlamına gəlmir. Özəl sektorda əməkhaqqının dəyişməsi müəssisələrin maliyyə imkanları, iqtisadi fəallıq, işçi qüvvəsinə tələbat və ümumi əmək bazarındakı vəziyyətlə bağlıdır. Buna görə də bəzi sahələrdə maaş artımı müşahidə olunsa da, digər sahələrdə eyni dinamika qeydə alınmaya bilər".