Peşəsini "köləlik" adlandırıb işdən çıxan müəllimlə bağlı məktəbdən açıqlama
Sosial
Xəbər verdiyimiz kimi, Bakı Şəhəri Təhsil İdarəsi tabeliyindəki 64 nömrəli tam orta məktəbin müəllimi olmuş Aytəkin İmanova işdən çıxma ərizəsini paylaşaraq peşəsinin köləlikdən fərqlənmədiyini bildirmişdi.
News24.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, sözügedən məktəb 20 il pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra karyerasına son qoyan A.İmanova ilə bağlı açıqlama verib.
Bildirilib ki, İmanova Aytəkin Murad qızı 25.10.2006-cı il tarixindən -11.09.2026-cı il tarixinədək 64 nömrəli tam orta ümumtəhsil məktəbində biologiya müəllimi vəzifəsində çalışıb. İşlədiyi müddət ərzində dəfələrlə ailə vəziyyətinə görə öz hesabına məzuniyyətə çıxıb və 6 saatdan artıq dərs tədris etməyib. Dərs yükünü az götürməsini isə öz maraq dairəsinə uyğun başqa peşələrə, kurslara, təlimlərə getməsi ilə əlaqələndirib.
"10.09.2026-cı il tarixində məktəbə gələrək öz xahişi ilə ərizə yazıb və 11.09.2026-cı il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 (2A) maddəsinə əsasən işdən azad edilib.
Məlum olduğu kimi, bu gün müəllimin əməkhaqqısı tədris etdiyi dərs saatlarının miqdarından asılı olaraq dəyişir. Əgər müəllim az dərs saatı verilməsini istəyibsə, o zaman alacağı əməkhaqqısının aşağı olacağı barədə məlumatlı olub.
Bundan başqa, bu gün kifayət qədər müəllim məktəbdəki fəaliyyəti ilə yanaşı digər təhsil fəaliyyəti ilə də məşğul olmaq hüququna malikdir və buna Əmək Qanunvericiliyinin tələbələri çərçivəsində Aytəkin İmanovanın da fəaliyyətinə hər hansısa məhdudiyyət qoyulmayıb.
Son illərdə müəllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir. Diaqnostik qiymətləndirmə, daha sonra müəllimlərin sertifikatlaşdırılmasından sonra əməkhaqqılarında artım və əlavələrin edilməsi bu prosesin tərkib hissəsidir. Bundan başqa təmayül tədris modelinin tətbiqi və növbəti illərdə gerçəkləşdirilməsi planlaşdırılan müəllimlərin tam ştatlı iş rejiminə keçidi də bu prosesin davamı hesab edilə bilər.
Təhsil sistemindəki problemləri müzakirə etmək və tənqid etmək vacibdir. Ancaq bu müzakirənin müəllimlik peşəsinin və həmin peşəni davam etdirən insanların əməyinin aşağılanmasına çevrilməməsi də eyni dərəcədə vacibdir", - deyə məlumatda qeyd edilib.