Prezident İlham Əliyevin Berlinə səfəri yeni strateji gündəliyin ümidverici başlanğıcı oldu
Sosial
Azərbaycan Prezidenti İlham Əliyevin Berlinə səfəri Azərbaycan və Almaniya arasında yeni strateji gündəliyin həyata keçirilməsi üçün ümidverici başlanğıc olub.
News24.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke Alman Birliyi Günü münasibətilə keçirilən tədbirdə bildirib.
“Mən hesab edirəm ki, hər bir yeni səfir yeni ölkəyə gəlişi ilə ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyacağını və tezliklə misli görünməmiş səviyyəyə çatacağını düşünür. Mən də istisna deyiləm. İyul ayında həyat yoldaşımla Bakıya gəldiyimiz gün Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federal Kansleri ilə “Strateji gündəlik” sənədini imzalamaq üçün Berlinə yola düşdü və bununla da həqiqətən münasibətlərimizi yeni və misli görünməmiş səviyyəyə qaldırdı. Azərbaycan Prezidenti İlham Əliyevin və onun nümayəndə heyətinin Berlinə səfəri çox ümidverici başlanğıcdır.
Mən qarşıdakı illərdə bu gündəlik üzrə sizinlə sıx əməkdaşlıq etmək imkanını səbirsizliklə gözləyirəm”, - deyə Lölke qeyd edib.
O, həmçinin bildirib ki, Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini yüksək qiymətləndirir.
“Bu, vaxt tələb edəcək, lakin regionda davamlı barışıq iqtisadi tərəqqinin və beynəlxalq əməkdaşlığın əsası olmalıdır”, - deyə səfir bildirib.