"Prezident tapşırıq verib, məmurlarsa günü-günə satırlar" - Millət vəkilindən sərt tənqid

"Prezident tapşırıq verib, məmurlarsa günü-günə satırlar" - Millət vəkilindən sərt tənqid Sosial

“Heç kim istəməz ki, vətəndaş hansısa şəkildə metrodan məhrum olsun, avtobusların sıxlığı səbəbindən əziyyət çəksin. Bunların hamısı vətəndaşa müəyyən dərəcədə sıxıntı yaradır və bu, bizi də üzür”.

Bu barədə News24.az-a Bakıda olan sıxlıqla bağlı danışan millət vəkili Fazil Mustafa deyib.

Deputatun sözlərinə görə, o , ictimai nəqliyyatdan istifadə etmir: “Çünki ictimai nəqliyyat, əsasən, xaricdə daha sərbəst və rahat istifadə edilən bir imkanlar toplusudur. Bizdə də ictimai nəqliyyat alternativləri insanların yaşadığı ərazilərin prinsiplərinə uyğun olmalıdır.

Məsələn, əgər mən Zabratda yaşayıramsa, ictimai nəqliyyatdan istifadə etmək üçün üç marşrut dəyişməliyəm. Harasa avtobusla gəlib "Koroğlu" metrosuna çatmalıyam, burdan hansısa metro stansiyasına getməli, oradan da yenidən avtobusla başqa istiqamətə hərəkət etməliyəm. Deyək ki, Milli Məclisə getməliyəm, Elmlər Akademiyası stansiyasında düşməliyəm. Üç marşrut dəyişmək özü böyük vaxt itkisinə səbəb olur.

Ona görə də ictimai nəqliyyatın müəyyən dərəcədə əlçatanlığı problemi bəzən imkan vermir ki, insanlar bundan istifadə etsinlər. Avtomobil sıxlığı, nəqliyyat vasitələrinin sayının çoxluğu və istifadəçilərin artması da böyük problem yaradır.

Tıxac məsələsi, əvvəllər bizim tərəfimizdən də dəfələrlə qaldırılıb, təkliflər verilmişdi. Amma artıq mənim bu problemin necə həll olunması ilə bağlı təsəvvürüm açığı yoxdur. Çünki bunu necə həll etmək olar? Artıq fürsətlər itirilib”.

Millət vəkilinin sözlərinə görə, 15 il öncə tıxac məsələsi barədə hansısa tədbirlər görülə bilərdi: “Ali məktəblər köçürülə bilərdi. Yaxud paytaxtın köçürülməsi ilə bağlı bizim təklifimiz var idi. Paytaxt köçəndən sonra bir sıra dövlət orqanlarının da ora köçürülməsi tıxacların müəyyən qədər azalmasına səbəb ola bilərdi.

Sonra məcburi köçkünlərin problemi var idi. Qarabağ məsələsi həll olunandan sonra xeyli insan ora köçdü və Qarabağda məskunlaşma da müəyyən şərait yarada bilərdi. Regionların sosial-iqtisadi inkişafına, sahibkarlığın sərbəst şəkildə inkişafına imkan verilsəydi, insanlar daha çox rayonlarda yaşamağa yönələ bilərdilər.

Yəni bunların hamısı kompleks tədbirlərdir. Xəzər üzərindən hansısa alternativ yolun çəkilməsi də nəzərdə tutulurdu. Bakının Pirşağı, Əhmədli və hansısa mərkəzi əraziləri birləşdirən yol infrastrukturunun yaradılması ilə bağlı təkliflər verilirdi.

Bunların hamısı təkliflər formasında dəfələrlə səsləndirilsə də, bunun əvəzinə velosiped yolları salındı. Bunun heç bir məntiqi izahı olmadı. Çünki Bakının relyefində velosipeddən istifadə etmək özü mürəkkəb məsələdir. Velosiped yollarının özləri də bəzən dalana dirənir və oradan yolu davam etdirmək mümkün olmur. Bu da velosipeddən istifadəni təşviq etmədi”.

Fazil Mustafa skuterlərə daha çox önəm verildiyini, lakin ondan da geniş istifadə olunmadığını qeyd edib: “Yəni bunların hamısı təkliflər kimi səsləndi, amma bunları həyata keçirən qurum və ya hansısa problemi həll etməyə maraqlı olan bürokratik mexanizm hərəkətə gəlmədi.

Ona görə də biz məsələyə yalnız belə yanaşmaqla kifayətlənirik. Amma həqiqətən də artıq bu məsələ ciddi müzakirə olunmalıdır. Təfərrüatlı şəkildə ölkə Prezidenti tərəfindən də tapşırıq verilib. Səlahiyyətli məmurlar sadəcə, günü-günə satmaqla, prosesi yubatmaqla, ləngitməklə, təxirə salmaqla bunun ortadan qalxdığını düşünürlərsə, yanılırlar.

Burada mütləq konkret və bir qədər də qətiyyətli addımların atılmasına ehtiyac var ki, Bakını bu bəladan qurtaraq. Bakıda insanların işə gedib-gəlməsi uzaq məsafələr üçün 4 saatdan artıq vaxt aparır. Biz bunu düşünürük və bu, iqtisadiyyatımıza da böyük zərbə vurur.

Ona görə də tıxac məsələsini çox ciddi şəkildə müzakirə edib həllinə çalışmalıyıq. Bu, müəyyən dərəcədə, bəlkə də son illərdə qarşımızda duran ən aktual problemlərdən biridir”.