“Qala Qəbələ”də nöqsanlar üzə çıxdı: Saxta araq və...

“Qala Qəbələ”də nöqsanlar üzə çıxdı: Saxta araq və... Sosial

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Binəqədi rayonu, Mir Cəlal küçəsi, 105 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Bərxudarov Nəsir Adil oğluna məxsus “Qala Qəbələ” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib.

News24.az xəbər verir ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, eləcə də sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, istehlakçılara təqdim olunan 12 ədəd 0,5 litrlik “Banketnaya” əmtəə nişanlı araq məhsulunun saxta olduğu aşkarlanıb. Həmçinin müəssisədə istifadə edilən ət məhsullarının müşayiətedici sənədlərinin olmadığı, mənşəyi məlum olmayan turşu məhsullarından istifadə edildiyi və çiy tərəvəzlərin qida təhlükəsizliyi tələblərinə uyğun olmayan şəraitdə saxlanıldığı müəyyən olunub.

Bundan əlavə, müəssisədə zərərvericilərə qarşı mübarizə üçün zəruri şəraitin yaradılmadığı, temperatur monitorinqinin aparılmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, avadanlıqların çirkli vəziyyətdə saxlanıldığı və təmizlik işlərinə dair müvafiq cədvəllərin olmadığı aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Aşkar olunmuş uyğunsuzluqlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlər görülüb.

AQTA tərəfindən qida təhlükəsizliyi tələblərinə əməl olunması ilə bağlı nəzarət tədbirləri davam etdirilir.