Qarabağda səhiyyə infrastrukturu genişlənir: Yeni xəstəxanalar tikilir
Sosial
İşğaldan azad edilmiş ərazilərdə 8 rayon mərkəzi xəstəxanası və 10 ixtisaslaşmış tibb mərkəzi tikiləcək.
News24.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Azərbaycan Televiziyasının “Hədəf” proqramına və Trend Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin əsas istiqamətlərindən biri müasir səhiyyə infrastrukturunun yaradılmasıdır.
O bildirib ki, Səhiyyə Nazirliyinin öhdəliyinə 8 rayon mərkəzi xəstəxanası və 10 xüsusi ixtisaslaşmış tibb mərkəzinin tikintisi daxildir. Bu tibb müəssisələri istifadəyə verildikdən sonra Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) təhvil veriləcək və əhalinin istifadəsinə təqdim olunacaq.
Nazir qeyd edib ki, bu istiqamətdə ilk layihə Şuşada reallaşdırılıb. Onun sözlərinə görə, Şuşa Müalicə-Sağlamlıq Mərkəzi artıq istifadəyə verilib və fəaliyyətə başlayıb.
Teymur Musayev bildirib ki, 90 çarpayılıq mərkəzdə cərrahiyyə, doğum və pediatriya şöbələri ilə yanaşı, 40 çarpayılıq sanator-kurort bölməsi də fəaliyyət göstərəcək. Burada Turşsu mineral sularının müalicəvi xüsusiyyətlərindən istifadə etməklə reabilitasiya xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Nazir əlavə edib ki, yaxın vaxtlarda mərkəzin tam gücü ilə fəaliyyət göstərməsi gözlənilir.