Qarpız alarkən diqqətli olun - Ekspertdən XƏBƏRDALIQ

Qarpız alarkən diqqətli olun - Ekspertdən XƏBƏRDALIQ Sosial

Yay mövsümünün başlaması ilə bazar və marketlərdə qarpız satışının erkən başlaması istehlakçılar arasında müxtəlif narahatlıqlar yaradıb. Xüsusilə iyun ayından satışa çıxarılan qarpızların tərkibində nitrat və digər kimyəvi maddələrin normadan artıq olub-olmaması geniş müzakirə olunur. 

Erkən yetişən qarpızın təbii olub-olmadığını necə müəyyən etmək mümkündür və alarkən hansı əlamətlərə diqqət yetirilməlidir? Ümumiyyətlə, yay aylarında qarpız seçərkən istehlakçılar hansı qaydalara əməl etməlidirlər?

News24.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin üzvü, qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov bildirib ki, müasir aqrotexniki üsullar və istixana şəraitinin inkişafı sayəsində qarpızın əvvəlki illərlə müqayisədə daha erkən yetişdirilməsi mümkün olub.

Onun sözlərinə görə, artıq ötən aydan etibarən istixanalarda yetişdirilən qarpızların satışa çıxarıldığı müşahidə etdik və mövsümün əvvəlində olduğu kimi, bu məhsullar daha yüksək qiymətlə təklif olundu: “Bazara çıxarılan bütün qarpızların nitrat səviyyəsinin yüksək olduğunu iddia etmək düzgün deyil. Heç kim dəqiq deyə bilməz ki, satışda olan bütün qarpızlarda nitrat normadan artıqdır və ya onların hamısında azot gübrəsindən həddindən artıq istifadə olunub. Lakin bəzi hallarda fermerlərin aqrotexniki qaydalara düzgün əməl etməməsi, xüsusilə də azot gübrəsinin normadan artıq tətbiqi qarpızda nitratın səviyyəsinin yüksəlməsinə səbəb olur. Bu isə istehlakçılar üçün qida zəhərlənməsi riskini artırır.”

A.Salamovun sözlərinə görə, nitratın normadan artıq olduğu qarpızı zahiri görünüşünə əsasən müəyyən etmək olduqca çətindir. Bununla belə, məhsulun təbii yetişdiyini göstərən bəzi əlamətlər mövcuddur: “Öz mövsümündə yetişən qarpızların torpaqla təmasda olan alt hissəsində adətən sarımtıl ləkə görünür. Bu, məhsulun təbii şəraitdə yetişdiyini göstərən əlamətlərdən biridir. Ancaq bu, həmin qarpızda nitratın normadan artıq olmadığını tam şəkildə sübut etmir. Çünki fermer azot gübrəsini normadan artıq da verə bilər, yaxud bütün aqrotexniki qaydalara əməl edərək məhsulu təhlükəsiz şəkildə yetişdirə bilər. Bunu zahiri görünüşə əsasən müəyyənləşdirmək mümkün deyil.”

Ekspert vurğulayıb ki, qarpızın keyfiyyəti təkcə becərilmə mərhələsindən deyil, saxlanma şəraitindən də asılıdır: “Günəş şüaları altında uzun müddət saxlanılan qarpızlarda məhsulun kimyəvi tərkibi dəyişə bilər. Yüksək temperaturun təsiri nəticəsində qarpızın tərkibindəki şəkərlər parçalanır, məhsulun kimyəvi tərkibində dəyişiklik baş verir, qıcqırma prosesi sürətlənir və turşulaşma yaranır. Bütün bunlar isə qida zəhərlənməsinə səbəb ola bilər.”

A.Salamov istehlakçılara qarpız alarkən satış şəraitinə xüsusi diqqət yetirməyi tövsiyə edib: “Mümkün qədər günəş şüaları altında uzun müddət saxlanılan qarpızlardan uzaq durmaq lazımdır. Məhsulu kölgəlikdə saxlanılan satış məntəqələrindən, eləcə də marketlər kimi qapalı və uyğun temperatur şəraiti olan yerlərdən almaq daha məqsədəuyğundur.” (Azpolitika.az)