Qaymaq saralıbsa, yağda yaşıl nöqtələr varsa…- TƏHLÜKƏ
Sosial
Süd və süd məhsullarının keyfiyyəti məsələsi tez-tez gündəmə gəlir.
İstehlakçılar satışa çıxarılan qaymaqların seçimində tərəddüd edirlər. Onları həmin məhsulların hansının daha təbii, qatqısız və keyfiyyətli olması narahat edir.
Eyni zamanda alıcıların qatıq məhsulları ilə bağlı da sualları mövcuddur. İstehlakçıları marketlərdə satılan qatıqla kənd şəraitində hazırlanan qatıq arasındakı fərqlər ciddi düşündürür və seçim etməyi çətinləşdirir.
Bundan əlavə, südün yağlılıq dərəcəsi, məhsulların saxlanma şəraiti, qablaşdırmanın vəziyyəti və hətta dadındakı ən xırda dəyişikliklər belə artıq alıcılar üçün önəmli meyarlara çevrilib. İnsanlar həm sağlam qidalanmaq, həm də ailələrini keyfiyyətsiz məhsullardan qorumaq üçün daha diqqətli davranmağa çalışırlar. Lakin buna baxmayaraq, bazarda müxtəlif keyfiyyətdə məhsulların olması seçimi daha da mürəkkəbləşdirir.
Maraqlıdır, istehlakçılar süd və süd məhsullarını nələrə diqqət etməlidirlər?
Mövzu ilə bağlı News24.az-a danışan qida məsələləri üzrə ekspert Ağa Salamov qeyd edib ki, süd məhsulları riskli məhsullar sırasına daxil olduğu üçün onları alarkən diqqətli olmaq vacibdir: "Məsələn, qaymaq alarkən onun keyfiyyətini müəyyən etmək organoleptik analiz – yəni dad, qoxu və görünüşə əsaslanan yoxlama aparmaq lazım gəlir.
Bunlardan əsası dad testidir. Əgər qaymağın dadında acılıq hiss olunursa, bu, artıq onun yararsız olduğunu göstərir. Belə məhsulun istifadəsi sağlamlıq üçün zərərli ola bilər.
Qaymağın görünüşü və teksturası da vacib göstəricidir. Təbii qaymaq adətən açıq krem rəngində olur. Əgər məhsulun rəngində saralma, yaşıllaşma və ya kifə bənzər dəyişikliklər müşahidə olunarsa, bu, məhsulun mikrobioloji çirklənməyə məruz qaldığını göstərir və onun istifadəsi doğru deyil.

Ekspert bildirib ki, digər süd məhsullarına, məsələn pendirə də belə diqqət etmək lazımdır: “Duzlu pendirlər nisbətən gec xarab olur və saxlanma müddəti daha uzun olur.
Kərə yağı alarkən də bu yöntəmlər keçərlidir: “Qablaşdırmanın qapağını açanda üzərində qara və ya yaşıl nöqtələr görünürsə, bu, kiflənmənin əlamətidir və məhsulun düzgün şəraitdə saxlanmadığını göstərir. Kərə yağının dadında acılıq hiss olunması da onun keyfiyyətsiz və ya xarab olduğunu göstərir".

Onun sözlərinə görə, bəzən süd dadsız görünə bilər, lakin bu, onun keyfiyyətsiz olması demək deyil: "Süd məhsullarında, təbii ki, yağlılıq səviyyəsi mühüm rol oynayır. Məsələn, 3.2% və ya 1.5% yağlılıq göstəricisi olan südlər var. Dad baxımından yanaşdıqda, yağlı südlər adətən yağsızlarla müqayisədə daha dadlı olur. Eləcə də, dietik qidalanan insanlar var ki, onlar da əsasən az yağlı süd məhsullarına üstünlük verirlər. Lakin südün dadında xoşagəlməz, turşumuş və ya kifə bənzər dad hiss olunarsa, belə məhsulu istifadə etmək olmaz və ondan uzaq durmaq lazımdır.
İstehlakçılar süd və süd məhsullarını alarkən onların saxlanma temperaturuna da diqqət etməlidirlər. Məhsulun üzərində göstərilən temperatur rejiminə uyğun saxlanılıb-saxlanılmadığını yoxlamaq vacibdir. Təbii südü 2 gün, yəni 48 saat, maksimum isə 3 gün - təxminən 72 saata qədər soyuq qida zəncirini qorunmaq şərti ilə saxlamaq mümkündür.
Lakin sənaye üsulu ilə hazırlanan südlərə stabilizatorlar, durulaşdırıcı və qatılaşdırıcı maddələr əlavə olunur. Eyni zamanda bu südlər pasterizə edilir. Pasterizasiya zamanı süd yüksək temperaturda emal olunduğu üçün müəyyən bakteriyalar məhv edilir və nəticədə südün saxlanma müddəti uzanır”.
Ekspert bildirib ki, bir çox insanlar “kimyəvi qatqılar”dan danışır. Əslində isə standartlara uyğun və icazə verilən doza həddi aşılmadan stabilizatorlar, aromatizatorlar, qatılaşdırıcılar və digər inqrediyentlərdən istifadə oluna bilər: “Əsas məsələ budur ki, əgər biz kənd südü içmək istəyiriksə, onun sağılma və saxlanma şərtləri də fərqli olmalıdır. Çünki pasterizə olunmamış süd bəzi hallarda brusellyoz xəstəliyi riski yarada bilər”.

Ağa Salamov həmçinin bildirib ki, qatıq kimyəvi tərkibli məhsul deyil: "Qatıq süddən əldə olunan bir məhsuldur və onun əsas xammalı süddür. Qatıq fermentasiya prosesi nəticəsində hazırlanır. Südə qatıq mayası əlavə olunur və fermentlərin təsiri ilə süd fermentləşir. Bu prosesdən sonra qatıq əmələ gəlir. Qatıq eyni zamanda probiotik məhsuldur. İstər kənd südündən, istərsə də, sənaye üsulu ilə hazırlanmış süddən qatıq hazırlamaq mümkündür.
Əsas məsələ odur ki, soyuq qida zənciri pozulmasın və sanitar-gigiyenik qaydalara əməl olunsun. Məhsulun təhlükəsiz və keyfiyyətli olması üçün bunlar çox vacibdir. Bundan əlavə, insanlar məhsul alarkən etiket üzərində yazılan məlumatları mütləq oxumalıdırlar".